Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov Azərbaycana qayıdacağı təqdirdə həbs olunacağı məsələsini qabartması “nəticəsiz gediş” kimi qiymətləndirilir.
Bu mövzuda ERtv-yə açıqlama verən Sosial-Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə Milli Şura təmsilçilərinin R.İbrahimbəyovun həbs olunacağına dair iddialarının təbliğat xarakterli olduğunu deyib:
“Amma İbrahimbəyovun bu məsələdən istifadə etməyə çalışan “piar-şikləri” çox savadsız bir kampaniya aparırlar. Öz aləmlərində hesab edirlər ki, bununla İbrahimbəyovun nüfuzunu və çəkisini artırırlar.
Lakin mənə qətiyyən aydın deyil, İbrahimbəyovu içəri salmaq kimin nəyinə lazımdır? Məncə, bu, hökumətə heç lazım deyil. Çünki İbrahimbəyovun həbs edilməsi ona çox şahanə bir hədiyyə olardı – buna isə ehtiyac yoxdur.
Başqa tərəfdən, mümkündür ki, İbrahimbəyov həbs olunma ehtimalını bu qədər şişirtməklə, Azərbaycana qayıdışını uzatmaq, yaxud da bu bəhanə ilə ümumiyyətlə, geri dönməməyi fikirləşir. Amma yenə də sual yaranır ki, onun gəlişi və ya gəlməməyi nəyi dəyişəcək ki?”