2013-cü ilin ilk altı ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən Mərkəzin elmi-tədqiqat və elmi-təşkilatı planlarına uyğun olaraq müvafiq fəaliyyət həyata keçirilib.
ERtv xəbər verir ki, bunu SAM-ın direktoruFərhad Məmmədov iyulun 25-də sözügedən qurumun son yarımillik fəaliyyətinə həsr olunmuş brifinqdə dilə gətirib.
Onun sözlərinə görə, SAM-ın İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsi tərəfindən “2003-2012-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri” adlı tədqiqat hazırlanıb.
F.Məmmədov bildirib ki, Azərbaycan və rus dillərində hazırlanmış materialda Prezident İlham Əliyevin siyasəti nəticəsində 2003-2012-ci illərdə iqtisadi, sosial, demoqrafiya və xarici iqtisadi əlaqələr sahəsində əldə edilən uğurlar həm cədvəllər, həm də nəqli formada təqdim edilib.
SAM direktorunun bildirdiyinə görə, aparılmış elmi-tədqiqat işləri əsasında hesabat dövründə “Çin Azərbaycanlıların gözü ilə” adlı məqalələr toplusu nəşr edilib:
“Həmçinin, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun redaktorluğu ilə Energy and Azerbaijan: History, Strategy and Cooperation adlı məqalələr toplusu isə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzinin və Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun əməkdaşlarının birgə səyi nəticəsində hazırlanıb.
Kitabda Azərbaycanın enerji siyasəti və tarixi keçmişinə, ölkəmizin milli prioritetlər və beynəlxalq öhdəliklər baxımından Avropa İttifaqının enerji siyasətində oynadığı rola, eləcə də Ukrayna Azərbaycan əməkdaşlığının enerji sektorunda gələcək perspektivlərinə dair məqalələr toplanıb.
Bununla belə, sevindirici haldır ki, SAM-ın mətbu orqanları olan Caucasus International (ingilis dilində) və Strateji təhlil (Azərbaycan dilində) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər siyahısındadır”.
F.Məmmədov daha sonra qeyd edib ki, SAM hesabat müddətində 2 ümumrespublika konfransı və iki beynəlxalq forum təşkil edib:
“Nəzərinizə çatdırım ki, Strateji Araşdırmalar Mərkəzinin və “Azərbaycan” qəzetinin birgə əməkdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Bakıda keçirilmiş iki ümumrespublika konfranslarında Azərbaycanın dövlətçiliyinin yaranması və ölkənin davamlı inkişaf yoluna çıxarılmasını təmin edən siyasi kurs, neft strategiyası, neft gəlirlərinin modernləşdirmə prosesi kimi mövzular ətrafında çıxış edən natiqlər Azərbaycan dövlətçiliyinin tarixində əvəzsiz xidmətlər göstərmiş Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd ediblər.
17-18 may tarixində isə Mərkəz tərəfindən Şərq-Qərb strateji körpüsü: QDƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya mövzusunda Qara Dəniz Əməkdaşlıq Təşkilatına (QDƏT) üzv dövlətlərin beyin mərkəzlərinin beynəlxalq forumu təşkil edilib”.
SAM direktorunun eyni zamanda qeyd etdiyinə görə, ötən 6 ay ərzində adıçəkilən qurumun əməkdaşları tərəfindən xarici ölkələrə 67 səfər reallaşdırılb:
“Həmçinin, 3 rəsmi səfərimiz olub”.