Dövlət siyasəti həmişə insanların qəlbindən keçən zaman-zaman formalaşmış onların istək və arzusuna çevrilmiş ideyaları, təşəbbüsləri ümumiləşdirərək, onların ən optimallarını seçərək, qruplaşdıraraq, ictimai mahiyyət kəsb edən səviyyəyə yüksələnlərini həyata keçirməkdən ibarətdir.
ERtv xəbər verir ki, bu barədə bu gün Bakıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) “Xətdə” Sosial Şəbəkə Akademiyasının hesabat konfransında çıxışı zamanı Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
O deyib ki, dövlət siyasəti o zaman uğurlu olur ki, yürüdülən bu siyasətin nəticələri həmin siyasətin göndərdiyi ünvanlara çatır və onların gündəlik həyatını zənginləşdirir.
“Azərbaycanın bu günkü gənclər siyasətindən də, daxili milli siyasətinin, sosial siyasətinin təməlində insan amili dayanır. Bu siyasətin təməlində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dərin zəkası konseptual yanaşması və təməlini qoyduğu azərbaycançılıq durur.
1993-2003-cü illər ərzində formalaşan və həyata keçirilən bu siyasətin bir qanadını gənclər siyasəti təşkil edir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsini məhz Azərbaycan vətəndaşının zənginləşdiriliməsi, həyatının fəallaşdırılması, getdikcə dünyada mövcud olan texniki, sosial, mədəni və mənəvi yeniliklərlə dolğunlaşdırılması Azərbaycan dövlətinin daxili həyatında əsas məsələ olaraq durur”.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövlətinin formalaşdırdığı gənclər, sosial, daxili, milli, mətbuat siyasəti, milli dini azlıqlarla münasibətinin ümumi strategiyası ona yönəlib ki, hər bir insan bu cəmiyyətdə öz ehtiyaclarını dolğun ödəsin. Həmçinin, onun ehtiyaclarının təmin olunması başqalarına zərər gətirməsin və bunların bir balansı yaransın.
“Azərbaycan dövlətinin gənclərdən hər zaman umduğu məsələ dövlətçilik və vətənpərvərlik hissləridir. Ölkənin hər bir gənci hər hansı bir nəslin nümayəndəsidir. Hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və millətimizə sahib çıxmaqdır.
Hər bir gənc milliyətindən, dinindən, irqindən asılı olmayaraq öz üzərində bir azərbaycançılıq ideyası hiss etməlidir.
Bu gün ölkə başçısının yürütdüyü siyasət ölkəmizi hansı yerdən haraya gətirdiyi hər kəsə məlumdur.
Dövlət idarəçiliyndə iştirak edən biz məmurlar da, sıravi azərbaycanlılar da gələcəyimizdən o zaman əmin olacağıq ki, siz gənclər rəqabətə davamlılıqla yanaşı milli-mənəvi keyfiyyətlərə də sahib olacaqsınız”.