Bakıda “Tarixi-mədəni irsin tədqiqi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu” mövzusunda respublika konfransı keçiriləcək.
ERtv xəbər verir ki, konfrans Azərbaycan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə keçiriləcək.
Konfransın məqsədi Azərbaycan ərazisindəki çoxsaylı tarix və mədəniyyət abidələrinin mövcud vəziyyəti, onların tədqiqi, təbliği və mühafizəsində aidiyyəti qurumların, xüsusən də təhsil müəssisələrinin, bütövlükdə geniş ictimaiyyətin iştirakı məsələlərinə işıq salmaqdır.
Konfransın işində ali məktəblərin, elmi-tədqiqat müəssisələrinin, ümumtəhsil məktəblərinin, dövlət və bələdiyyə qurumlarının təmsilçiləri, bu sahəyə maraq göstərən digər insanlar iştirak edə bilərlər. Konfrans məruzə və poster formatında olacaq.
Konfrans üçün tezislər oktyabrın 1-nə qədər, məruzələrin mətni isə oktyabrın 20-nə qədər göndərilməlidir. Tezislər Azərbaycan, rus və ingilis dillərində təqdim edilə bilər.