Azərbaycan Respublikası ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə 2013/2014-cü tədris ili üçün Türkiyə Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsinə tələbə qəbulu elan edilir.
ERtv Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən xəbər verir ki, müsabiqədə 2013-cü ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600-dən yüksək bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Müsabiqə əsasında 10 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndəriləcək. Müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstərici əldə etmiş 2 namizəd Türkiyə Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndəriləcək.
Türkiyə Gülhanə Hərbi Tibb Akademiyasının ali tibb fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddəti ərzində tam dövlət təminatındadırlar.
1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 30-u və 31-i TQDK-ya (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17; tel: (012) 440- 30-09 ; email: [email protected]) müraciət edə bilərlər.