Azərbaycan və Fransanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Loran Fabius Parisdə bir araya gəlib.
ERtv Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, nazirlərin görüşündə ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdirilməsindən məmnunluq ifadə olunub.
İki ölkə arasında iqtisadi əlaqələrin durumuna toxunan L.Fabius Fransanın bir sıra iri şirkətlərinin Azərbaycanda yalnız neft sahəsində deyil, eləcə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini qeyd edib. O, bu əməkdaşlığın daha da genişlənəcəyinə ümid etdiyini diqqətə çatdırıb.
Fransalı nazir Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafına verdiyi töfhəni xüsusi vurğulayıb və Bakıda fransız liseyinin yaradılmasına göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.
Azərbaycan və Fransalı nazirlərin görüşündə, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə olunub. Nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə məlumat verərək, münaqişəsinin həllinin bütövlükdə regionda sülhün və sabitliyin bərqərar olması üçün zəruri olduğunu deyib.
Məlumata görə, nazirlərin müzakirəsində enerji təhlükəsizliyi məsələlərinə də yer verilib. E.Məmmədyarov fransalı həmkarını regionda cari və perspektiv enerji layihələri barədə məlumatlandırıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər, xüsusilə də Cənubi Qafqaz regionunda və Avropada təhlükəsizlik məsələləri, Azərbaycan-Avropa İttifaqı münasibətləri, beynəlxalq terrorizmə qarşı mübarizə və s. barədə fikir mübadiləsi aparılıb.