Azərbaycanda 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca siyasi mənzərə daha da aydınlaşır.
Artıq əsas iddiaçıların adları məlumdur, rəsmi təbliğat kampaniyasının hansı məsələlər ətrafında gedəcəyi də təxmini bilinir.
ERtv xəbər verir ki, bunu hakim partiyadan olan millət vəkili Aydın Mirzəzadə mətbuata açıqlamasında dilə gətirib.
Onun sözlərinə görə, builki prezident seçkisinin özəlliyi radikal müxalifətin Milli Şura adlı seçkiqabağı ittifaq yaratması, tanınmış Rusiya və Azərbaycan kinorejissoru Rüstəm İbrahimbəyovu özünə lider seçməsi, prezidentliyə namizəd irəli sürməsidir.
Millət vəkili qeyd edib ki, müxalifətin bu cinahı əvvəlki seçkilərdə də müxtəlif bloklar yaradır və istənilən yolla hakimiyyətə gəlməyə çalışırdı.
A.Mirzəzadənin bildirdiyinə görə, lakin builki fərqli nüans isə ənənəvi Müsavat- AXCP - Rəsul Quliyev qrupu blokuna Rüstəm İbrahimbəyov - Eldar Namazov qrupunun qoşulmasıdır.
O, bildirib ki, E.Namazov özünün kiçik siyasi qrupu ilə siyasətdə mövcud olsa da, R.İbrahimbəyov axırıncı iki ilə qədər ümumiyyətlə, siyasətdə görünmürdü, Rusiya və Azərbaycanın vətəndaşı olan İbrahimbəyov əsasən birmənalı qarşılanmayan bədii filmlər yaratmaqla məşğul idi:
“Onun ara-sıra sosial mövzulara dair verdiyi müsahibələr isə bir qayda ziyalılar tərəfindən ciddi narazılıqlarla qarşılanırdı. Keçən ildən siyasətə qoşulan kinorejissor bu il radikal müxalifətlə birlikdə Milli Şura deyilən bir qurum yarada bildi. İlk dövrlərdə özünün namizədi kimi Eldar Namazovun adını çəksə də, sonradan dediyini unudaraq yaradılan ittifaqa sədr, həm də oradan prezidentliyə namizəd kimi özü seçildi.
Ancaq Namazov da kənarda qalmadı, yarım ildən çoxdur ölkədən kənarda olan İbrahimbəyovun yerinə birləşmiş radikal müxalifətin lideri rolunu faktiki olaraq indi o yerinə yetirir.
Maraqlı olan odur ki, artıq beş ildir prezidentliyə iddialı olan İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət asanlıqla siyasətdən kənar və qalmaqallı bir insanın yaratdığı quruma daxil olub və onun namizədliyi xeyrinə öz namizədliklərindən imtina etdilər.
Siyasi analitiklər bu halı müxtəlif səbəblərlə izah edirlər. Bir qismi bunu bu şəxslərin xaricdən bağlı olduqları müəyyən dairələrdən məhz belə bir təlimat almaları ilə izah edirlər.
Bir qrup analitikin fikrincə isə hər dəfə uduzan bu müxalifət liderlərinin bu dəfə də uduzmalarının onların siyasi karyeralarına son qoymaqlarından ehtiyatlanmalarıdır...”
Millət vəkili eyni zamanda deyib ki, 20 ilə yaxındır arxalarınca apardıqları elektorat builki məğlubiyyəti artıq onlara bağışlamya bilərdi:
“2013-cü il seçkilərində iştirak etməməklə isə beş ildən sonra artıq yeni siyasi imiclə cəmiyyətin içərisinə çıxacaqlarına ümid edirlər. Bunlar ehtimallar olsa da, ortada olan reallıq radikal müxalifətin asanlıqla Eldar Namazov - Rüstəm İbrahimbəyov qrupuna təslim olması, özlərinin bütün planlarını bu iki şəxsin siyasətinə uyğunlaşdırmasıdır. Bu gün müxalif cəbhənin siyasətini orada öz kiçik qrupuna başçılıq edən Eldar Namazov və heç zaman siyasətlə məşğul olmamış İbrahimbəyov müəyyən edir.
Təsadüfi deyil ki, bir müddət əvvəl keçmiş deputat, müxalifətin ideoloqlarından sayılan Pənah Hüseyn bildirmişdi ki, “özümüz yazmadığımız ssenaridə rol oynamağa məcburuq”. Müxalifətin kənardan gələn ssenarisinin işə salınması isə artıq öz “bəhrələrini” verməkdədir. İbrahimbəyov çıxışlarında və xarici görüşlərində təmsil etdiyi seçki blokunu deyil, məhz özünün təbliğinə üstünlük verir. Siyasi mövzularda bəyanatları isə nəinki Azərbaycan ictimaiyyətini, hətta, çətiri altına yığdığı müttəfiqlərini də vaxtaşırı şoka salır.
Kinorejissor gah Qarabağ ərazisini mübahisəli ərazi sayır, gah onun Bakıya dönməsini tələb edən Müsavat başqanı İsa Qəmbəri provokator adlandırır. Onun haqqında tənqidi yazılar yazan jurnalistlin ağzından sözün əsl mənasında ağzından vurmaq çağırışı isə hətta, radikallar üçün soyuq duş təsiri bağışladı.
Eyni zamanda Namazov - İbrahimbəyov qrupunun beynəlxalq aləmdə Azərbaycan müxalifəti ancaq özlərinin təmsil etməyə çalışmalarıdır. Bu günlərdə ABŞ Konqresində görüşlərindən qayıdan Milli Şuranın aparat rəhbəri E.Namazov Vaşinqtondan “Ancaq ya İbrahimbəyovun, ya onun tədbirə gəlməsi” mesajını alması xəbərini verdi.
Bütün bu şok effektləri isə müxalifətin nəzarəti altında olan mətbuat sadəcə, üstündən sükutla keçir. Bütün resurslarını “gənc siyasətçi” Rüstəm İbrahimbəyova və onun aparat rəhbəri Eldar Namazova təhvil vermiş radikal müxalifət liderlərindən tək İsa Qəmbər ara-sıra öz müstəqilliyini qoruyub saxlamağa cəhd edir. İctimai Palatada heç kəsə güzəştə getməyən AXCP sədri Əli Kərimlinin ümumiyyətlə səsi gəlmir, Rəsul Quliyevin, Mirmahmud Mirəlioğlunun seçkidə nə iş görəcəkləri isə heç kəsə aydın deyil.
Radikal müxalifətin “yeni ssenari” ilə seçkilərə getməsinin nə ilə bitəcəyi isə indidən aydındır. Sadəcə, əvvəlki seçkilərin nəticələri ilə tanış olmaq kifayət edir”.