Radikal müxalifətçilər, Milli Şuradakılar istəyirlər ABŞ-dan, Rusiyadan deyil, lap Marsdan imicmeyker, siyasi texnoloqlar gətirsinlər, xeyri yoxdur və olmayacaq.
Azərbaycanda seçkilərin taleyini kimlərsə, hansısa imicmeyker, siyasi texnoloqlar deyil, Azərbaycan xalqı, Azərbaycan seçicisi özü həll edir.
Bunu ERtv-yə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkiliMübariz Qurbanlı bu günlərdə ABŞ-da səfərdən qayıdan Milli Şura təmsilçisi Eldar Namazovun üzvü olduğu qurumun qarşıdan gələn seçkilərlə əlaqədar xaricdən siyasi imicmeykerlər, siyasi texnoloqlar dəvət edəcəkləri yönündə səsləndirdiyi fikirlərə münasibətini bildirərkən dilə gətirib.
YAP rəsmisinin dediyinə görə, qarşıdan gələn seçkilərlə əlaqədar xaricdən hansısa siyasi imicmeyker və texnoloqların dəvət edilməsi nəticə etibarı ilə Milli Şuranın irəliyə sürdüyü prezidentliyə namizədin alacağı səslərə heç bir təsir göstərməyəcək:
“Onların harayasa gedib-gəlməsi, kimlərləsə görüşməsi, Azərbaycana siyasi imicmeyker və texnoloqlar dəvət etməsi heç nəyi dəyişən, eləcə də, onların irəli sürdüyü və dəstəklədiyi şəxsin alacağı səslərə təsir göstərən deyil. Bu cür piarlar, bu cür açıqlamalar Azərbaycan cəmiyyətinə də heç bir təsir göstərməyəcək.
Çünki bu gün Azərbaycan xalqının, seçicisinin dəstəklədiyi namizəd var ki, bu da ölkə Prezidenti cənab İlham Əliyevdir. Odur ki, bir daha qeyd edirəm, xaricdən hansısa imicmeykerlərin dəvəti və onların buraya gəlməsi seçkilərlə bağlı Azərbaycan ictimai rəyinə heç bir təsir göstərə bilməz və göstərməyəcək. Bunlar sadəcə, blefdir və arxasında da heç nə dayanmır”.