İyulun 22-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı (Aİ) üzv ölkələrinin və Şərq Tərəfdaşlıq (ŞT) ölkələrinin xarici işlər nazirlərinin 4-cü görüşü baş tutub.
ERtv Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, sözügedən toplantıda Azərbaycanı xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil edib.
Məlumata görə, toplantıya sədrliyi Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin vahid təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton və genişlənmə və qonşuluq siyasəti üzrə komissar Ştefan Füle həyata keçiriblər.
Tədbirdə Avropa İttifaqı üzv ölkələrinin xarici işlər nazirləri, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, eyni zamanda, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova , Ukraynanın xarici işlər nazirləri və Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun nümayəndəsi iştirak ediblər.
İştirakçılar Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti, onun Varşava Sammitindən bu günə qədər əldə edilmiş nailiyyətləri, Vilnüs Sammitinə hazırlıq və ondan sonrakı tərəfdaşlıq perspektivlərini dəyərləndiriblər.
Xarici işlər naziri Elmar Məmmədyarov toplantıdakı çıxışında Azərbaycanın Şərq Tərəfdaşlığında fəaliyyəti və ümumiyyətlə, Aİ ilə əməkdaşlıq dialoqu barədə bəhs edib. Nazir 2006-cı ildə qəbul edilmiş Avropa Qonşuluq Siyasəti üzrə Fəaliyyət Proqramında əks olunmuş Azərbaycanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə dəstəyin verilməsi ilə bağlı Aİ tərəfinin öz üzərinə götürdüyü öhdəliyə əməl etməsinin vacibliyini bildirib.
O, Aİ-Azərbaycan dialoqunun gələcək perspektivlərinin və Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda tərəqqinin əldə olunmasının əhəmiyyətli dərəcədə məhz bu növ qarşılıqlı hörmət və tərəfdaşlıq prinsipləri öhdəlikləri əsasında reallaşmasının mümkün olacağını vurğulayıb.
Bu xüsusda, nazir, toplantı iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin 21 iyun tarixində Brüsselə etdiyi səfəri zamanı onun Aİ Şurasının Prezidenti Herman van Rompey və Avropa Komissiyasının prezidenti Joze Barrozo ilə keçirdiyi görüşlərdə əldə edilmiş bir sıra vacib nəticələri xatırladaraq, Azərbaycanın Aİ ilə tərəfdaşlıq dialoqunun bərabərhüquqlu və strateji tərəfdaşlıq əsasında inkişaf olunmasında maraqlı olduğunu bir daha diqqətə çatıdırıb.
E.Məmmədyarov, həmçinin Cənubi Qaz Dəhlizi ilə bağlı qəbul edilmiş qərarların Aİ-nin enerji təhlükəsizliyinin gücləndirilməsində və Aİ ilə siyasi-iqtisadi münasibətlərdə bundan sonra daha da geniş imkanlar yaradacağında müstəsna rol oynayacağını qeyd edib.
O, həmçinin Aİ ilə Viza Rejiminin Asanlaşdırılması və Readmissiya Sazişləri üzrə danışıqlarının demək olar ki, tamamlandığını və Vilnüs Sammitinə qədər onların imzalanmasının əhəmiyyətini bilidirb.
Nazir habelə Aİ ilə təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyini qeyd edərək, bu sahədə Aİ-Azərbaycan əməkdaşlığı çərçivəsində ciddi addımların atılmasının vacibliyini önə çəkib.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri, eyni zamanda, ŞT fəaliyyətində gender bərabərliyi və qadınların cəmiyyətlərdə rolunun artırılması fəaliyyət istiqamətinin inkişafı imkanlarının araşdırılmasını təklif edib.
Nazir Şərq Tərəfdaşlığı Proqramının xarici işlər nazirlərinin 4-cü görüşü çərçivəsində Ukrayna və Yunanıstanlı həmkarları ilə təkbətək görüşlər keçirərək, ikitərəfli münasibətlərin genişləndirilməsi perspektivlərini nəzərdən keçirib.