Jurnalistlərin məsuliyyəti daima müzakirə mövzusudur.
Xüsusilə azad mətbuat olan halda jurnalistlərin məsuliyyəti ön plana çıxır.
ERtv.Az-ın məlumatına görə, bunu prezident İlham Əliyev mətbuat nümayəndələri üçün tikilmiş binanın açılış mərasimində çıxışı zamanı deyib.
Dövlət başçısı son illər ərzində bu istiqamətdə müsbətə doğru irəliləyişin olduğunu söyləyib:
“Jurnalistlər daha dolğun şəkildə öz məsuliyyətlərini dərk edirlər, mətbuatda gedən və həqiqəti əks etdirməyən təhqiramiz yazılara da az-az rast gəlinir ki, bu da jurnalistlərin məsuliyyətindən xəbər verən amillərdir.
Eyni zamanda müasir zamanda internet dövründə hər hansı bir yalan məlumatın ömrü uzun ola bilməz. Ona görə də hesab edirəm ki, jurnalistlərin məsuliyyəti gələcəkdə də daim diqqət mərkəzində olmalıdır. Jurnalist ictimaiyyəti, Mətbuat Şurası daim bu məsələləri diqqət mərkəzində saxlayır. Necə ki, hər bir insan qanun qarşısında, cəmiyyət qarşısında məsuliyyət daşıyır, jurnalistlər də əlbəttə ki, bu məsuliyyəti daşımalıdırlar”.
Dövlətin jurnalistlərin peşəkarlığının artırılmasına öz dəstəyini verməyə hər zaman hazır olduğunu deyən İ.Əliyev jurnalistlərin peşəkarlığının artmasının, gənc, peşəkar jurnalist kadrların hazırlanmasının vacibliyini qeyd edib.
Dövlət başçısı jurnalistlərin vətənpərvər olmalarının da çox vacib məsələ olduğunu xüsusi vurğulayıb:
“Hesab edirəm ki, bütövlükdə Azərbaycan jurnalistləri öz dövlətinə, öz xalqına, dövlətçiliyinə bağlıdır. Siyasi baxışlardan asılı olmayaraq əksər hallarda dövlətin maraqları üstünlük təşkil edir.
Ancaq belə hallar da var ki, şəxsi maraqlar və yaxud da ki, partiya maraqları, korporativ maraqlar ön plana çıxır. Buna əlbəttə ki, yol vermək olmaz. Xüsusilə gənc, müstəqil dövlətlərdə vətənpərvərlik hisləri daha güclü olmalıdır. Bu sadəcə olaraq bir şüar, bir söz deyil, bir zərurətdir.
Bizim gənclərimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdırlar. Jurnalistikanın bu sahədə çox böyük rolu var. Çünki biz cəmi 22 ilə yaxındır ki, müstəqil dövlətdə azad xalq kimi yaşayırıq. Bu bizim böyük xoşbəxtliyimiz, böyük dəyərimizdir. Bu vəziyyəti cəmiyyətimiz təqdir etməli və qiymətləndirməlidir.
Ona görə də jurnalistlərin vətənpərvərliyi çox böyük əhəmiyyətə malik olan bir məsələdir. Dövlətçilik prinsipləri üstünlük təşkil etməli, dövlət maraqları müdafiə edilməli, dövlətə zərər verə biləcək hər hansı bir addımlara yol verilməməlidir”.
Mövcud problemlərə də toxunan prezident İ.Əliyevin sözlərinə görə, cəmiyyətdə mövcud olan problemlər ölkə daxilində öz həllini tapmalıdır.
“Hər bir ölkənin, o cümlədən Azərbaycanın öz inkişaf dinamikası, öz problemləri, öz nailiyyətləri var. Bütün problemlər ölkə daxilində öz həllini tapmalıdır. Əgər biz müstəqil ölkə kimi 22 il yaşayırıqsa, hesab edirəm ki, bütün məsələləri biz özümüz həll etməliyik. Nəzərə alsaq ki, cəmiyyətdə ölkənin ümumi inkişafı, istər xarici siyasətlə, istərsə də iqtisadi islahatlarla bağlı fikir ayrılığı demək olar ki, yoxdur. Belə olan halda daxili problemlər daxildə də müzakirə edilməlidir”- deyə, dövlət başçısı qeyd edib.