Koreya Milli Assambleyasının Müdafiə Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyəti Azərbaycan parlamentində olub, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Azərbaycan Koreya əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu deyən, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, Azərbaycan parlamenti ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsinə böyük önəm verir. Birinci vitse-spiker son zamanlar Koreya parlamentinin nümayəndə heyətlərinin ölkəmizə səfərlərini xatırlayaraq parlament diplomatiyasının mühüm rolundan danışıb. Qeyd edib ki, bu səfərlər zamanı aparılan səmərəli fikir mübadiləsi müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə yaxşı imkan yaradır. Ziyafət Əsgərov ölkələrimiz arasındakı ticarət dövriyyəsindən də danışaraq bunun artırılması üçün yaxşı potensialın olduğunu söyləyib. Birinci vitse-spiker Cənubi Qafqazda lider ölkə olan Azərbaycanın əldə etdiyi uğurlardan, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən geniş söz açıb. Koreya Milli Assambleyasının Müdafiə Komitəsinin birinci dərəcəli üzvü, nümayəndə heyətinin başçısı Ahn Gyu Bak ölkələrimizin mövcud münasibətlərindən, Azərbaycanın qısa zamanda əldə etdiyi böyük inkişafdan məmnunla söz açıb. Deyib ki, Koreya Azərbaycanla müxtəlif sahələrdə yaxşı əməkdaşlıq əlaqələri qurub. Müdafiə sahəsində də əməkdaşlıq etmək istəyir. Qonaq Bakıda keçirdikləri görüşlərdə səmərəli fikir mübadiləsi apardıqlarını deyib.