Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı Bakıda səfərdə olan Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Valyi Naqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Komitədən daxil olan məlumatda bildirilir ki, görüşdə R.Aslanlı Azərbaycan ilə Macarıstan arasında münasibətlərin zəngin tarixə malik olduğunu bildirərək, siyasi-iqtisadi və mədəni sahələrdə işgüzar əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. O, ölkənin qiymətli kağızlar bazarı haqqında məlumat verərək, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində ölkədə müasir bazar infrastrukturunun yaradılması istiqamətində zəruri addımların atıldığını bildirdi. Sədr Dünya Bankı və İsveçrənin SECO təşkilatı tərəfindən dəstəklənən "Kapital bazarının müasirləşdirilməsi" layihəsinin kapital bazarlarının inkişafı istiqamətində əhəmiyyətli yer tutduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Macarıstanın telekommunikasiya məsələləri üzrə dövlət katibi Vilmoş Valyi Naqi səmimi qəbul üçün təşəkkürünü bildirərək, Bakıya səfəri zamanı yeniliklərin şahidi olduğunu, paytaxtda aparılan geniş tikinti-quruculuq işlərinın xoş təsuratlar bağışladığını vurğulayıb. Dövlət katibi Azərbaycan ilə iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, hər iki ölkənin qiymətli kağızlar bazarında fəaliyyət göstərən institutlar arasında əlaqələrin yaradılması, bilik və təcrübə mübadiləsinın aparılması üçün böyük imkanların olduğunu ifadə edib.
Görüşdə, həmçinin Azərbaycanla Macarıstan arasında qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.