Bir sıra ölkələrin dövlət başçıları Prezident İlham Əliyevə 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıblar.
Polşa Respublikasının Prezidenti Bronislav Komorovskidən:
"Polyak xalqı adından Sizi Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan Cənubi Qafqaz regionunda Polşanın mühüm tərəfdaşı olmaqda davam etməkdədir. Müsbət əməkdaşlıq atmosferinin ticarət dövriyyəsi və sərmayələrin, həmçinin enerji layihələrinin inkişafına səbəb olacağına əminəm.
Polşa müstəqil Azərbaycanın həm daxili siyasətdə, həm də beynəlxalq arenadakı nailiyyətlərini yüksək qiymətləndirir. Ümid edirəm ki, cari ilin payız aylarında keçiriləcək Şərq Tərəfdaşlığının III Zirvəsi Azərbaycan və Avropa Birliyi arasında münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcəkdir. Avropa Birliyi ilə assosiativ müqavilə və vizasız hərəkət perspektivi rəhbərlik etdiyiniz ölkənin sosial və iqtisadi modernləşməsinə mühüm töhfə verə biləcəkdir.
Azərbaycan xalqına və şəxsən Sizə olan ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm".
Ukrayna Prezidenti Viktor Yanukoviçdən:
"Milli bayramınız - Respublika Günü münasibətilə Ukrayna xalqı adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.
Bu gün Azərbaycan öz dövlətçiliyini möhkəmləndirir, beynəlxalq aləmdə nüfuzunu artırır, həyatın bütün sahələrində inamla yüksək göstəricilər nümayiş etdirir.
Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bizim birgə səylərimiz sayəsində Ukrayna-Azərbaycan münasibətləri yüksək səviyyəyə çatmışdır. Əminəm ki, ikitərəfli əməkdaşlığın bütün mühüm istiqamətləri üzrə konstruktiv dialoqun daha da genişlənməsi hər iki dövlətin xalqlarının rifahı naminə strateji tərəfdaşlığın dərinləşməsinə şərait yaradacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, məsul dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram".
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovdan:
"Türkmənistan hökuməti adından və şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin bundan sonra da dinamik inkişaf edəcəyinə və möhkəmlənəcəyinə qəti əminliyimi bildirirəm.
Sizə möhkəm cansağlığı və firavanlıq, dost Azərbaycan xalqına sülh, tərəqqi və çiçəklənmə arzulayıram".
Sloveniya Respublikasının Prezidenti Borut Pahordan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə öz adımdan və Sloveniya xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan, ölkənizə hərtərəfli tərəqqi və çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında yaranmış sıx tərəfdaşlıq və məhsuldar əməkdaşlıq əlaqələrini qeyd etmək istəyirəm. Bu əlaqələr xüsusən iqtisadiyyat sahəsində çox uğurludur.
İnanıram ki, Sloveniya və Azərbaycan arasındakı əlaqələr müntəzəm dialoq, qarışlıqlı anlaşma və dostluq ruhunda davam edib bundan sonra da regionda sülh və sabitlik maraqlarına xidmət edəcək.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".
Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyevdən:
"Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Çox inanıram ki, Bolqarıstan və Azərbaycan əməkdaşlıq səylərini ölkələrimizin və xalqlarımızın gələcəyi naminə qarşılıqlı fayda əsasında və ənənəvi dostluq ruhunda bundan sonra da davam etdirəcək.
Ölkənizin və xalqınızın inkişafı naminə Zati-alinizə səmimi qəlbdən cansağlığı və gələcək işlərinizdə uğur arzulayıram.
Fürsətdən istifadə edərək ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".
Qətər Dövlətinin Əmiri Həməd bin Xəlifə Al Tanidən:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram və Qətər xalqı da mənim bu təbriklərimə qoşulur.
Fürsətdən istifadə edərək dərin hörmətlə Sizə səmimi salamlarımı çatdırır, Zati-alinizə rifah, Azərbaycan xalqına isə daha böyük inkişaf və çiçəklənmə, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin güclənməsini arzulayıram".
Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Fələstin Dövləti, Fələstin xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Fürsətdən istifadə edərək, azadlıq, öz müqəddəratını təyinetmə və müstəqil Fələstin dövləti qurmaq uğrunda apardığımız mübarizədə göstərdiyiniz dəstək və həmrəyliyə görə Zati-alinizə dərin təşəkkürümüzü çatdırmaq istərdim.
Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə arzulamaqdan məmnunluq duyuram".
Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan:
"İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırım.
Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına səmimi qəlbdən xoşbəxtlik və cansağlığı, ölkəyə tərəqqi və çiçəklənmə arzulayıram. Qoy, bu əlamətdar bayram Azərbaycan sakinlərinin evlərinə daha çox nemət və məhəbbət, bolluq və əmin-amanlıq gətirsin.
Lap qədimlərdən qardaş xalqlarımız qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinə sadiq qalmışlar. Bu xoş fürsətdən istifadə edərək ümidvar olduğumu bildirmək istəyirəm ki, birgə səylərimiz bundan sonra da Tatarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında konstruktiv qarşılıqlı fəaliyyətin hərtərəfli genişlənməsinə yönəldiləcəkdir".
Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Həməd bin Casim bin Cabir Al Tanidən:
"Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Zati-alinizə dərin hörmətlə səmimi salamlarımı və təbriklərimi, xoşbəxtlik və rifah arzularımı çatdırmaqdan, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və çiçəklənmə diləməkdən məmnunluq duyuram".
Qətər Dövlətinin Vəliəhdi Təmim bin Həməd Al Tanidən:
"Ölkənizin milli bayramı - Respublika günü münasibətilə dərin hörmətlə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və çiçəklənmə arzulayıram".
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib S.Lebedevdən:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Dövlət müstəqilliyinin bərpa edilməsi sayəsində Azərbaycan iqtisadi, sosial-mədəni inkişafda nəzərəçarpacaq nəticələrə nail olmuş, dünya birliyində hörmət, Müstəqil Dövlətlər Birliyində layiqli nüfuz qazanmışdır.
Əminəm ki, Azərbaycan Respublikası ilə MDB-nin iştirakçısı olan dövlətlər arasında çoxşaxəli qarşılıqlı əlaqələrin daha da genişlənməsi bir sıra iqtisadi, elmi-texniki, sosialyönümlü ümumdövlət proqramlarının həyata keçirilməsinə şərait yaradacaqdır.
MDB çərçivəsində inteqrasiyalı inkişaf məsələlərinin həllində Sizin dəstəyinizə və qarşılıqlı anlaşmaya ümidvar olduğumu bildirirəm.
Möhtərəm İlham Heydər oğlu, bu bayram günündə Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına sülh və tərəqqi arzulayıram".
MDB İştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının baş katibi A.Sergeyevdən:
"MDB İştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbriklərimizi qəbul edin.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının firavanlığı və çiçəklənməsi naminə nəcib fəaliyyətinizdə uğurlar arzulayırıq".
Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinadan:
"İcazə verin, Sizi Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbrik edim. Azərbaycanın hərtərəfli inkişafı və çiçəklənməsi naminə yüksək dövləti fəaliyyətinizdə və işlərinizdə uğurlarla bağlı ən gözəl diləklərimi qəbul edin".
Özbəkistan Prezidenti İslam Kərimovdan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi və ən yaxşı arzularımı qəbul edin.
Biz bu gün dövlət quruculuğunun, cəmiyyətdə islahatlar aparılmasının, ölkənin sosial-iqtisadi inkişafının bütün sahələrində Azərbaycanın sanballı nailiyyətlərinin şahidiyik. Azərbaycan suverenliyin və müstəqilliyin möhkəmlənməsinə, xalqın rifahının yaxşılaşmasına, beynəlxalq məkanda dövlətin nüfuzunun yüksəlməsinə istiqamətlənmiş dəyişiklikləri qətiyyətlə və layiqincə həyata keçirir.
Ötən ilin oktyabrında gözəl və günəşli Bakıda görüşümüzü, dostluq, etimad və tam qarşılıqlı anlaşma şəraitində keçən səmərəli danışıqlarımızı xüsusi hərarətlə xatırlayıram.
İnanıram ki, bizim əldə etdiyimiz razılaşmalar çoxplanlı və uzunmüddətli Özbəkistan-Azərbaycan əməkdaşlığının qardaş xalqlarımızım maraqları naminə gələcək inkişafı və dərinləşməsi üçün etibarlı zəmin olacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayıram".
Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Ölkənizin tarixində bu əlamətdar gündə fərəhlə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası öz dövlətçiliyini bərpa edəndən keçən illər ərzində müstəqilliyin möhkəmlənməsində, milli iqtisadiyyatın inkişafında və beynəlxalq aləmdə öz mövqelərinin gücləndirilməsində sanballı uğurlar qazanmışdır. Əminəm ki, Sizin Prezident kimi ali vəzifədə çoxşaxəli fəaliyyətiniz bundan sonra da dövlətinizin tərəqqisinə və xalqınızın rifahının durmadan yüksəlməsinə xidmət edəcəkdir.
Qəti əminəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətləri bizim qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişlənməsi və dərinləşməsi üçün yeni perspektivlər açır.
Hörmətli cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı və ölkənizin rifahı naminə yeni uğurlar, bütün dost Azərbaycan xalqına isə sülh, həmrəylik və firavanlıq arzulayım".
İordaniya Haşimilər Krallığının Kralı II Abdullahdan:
"Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə ən səmimi təbriklərimizi yetirirəm.
Ölkənizə və xalqınıza davamlı tərəqqi və firavanlıq arzu edirəm".
İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerdən:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan, Sizə cansağlığı, ölkənizə çiçəklənmə və rifah arzulamaqdan böyük məmnunluq duyuram.
Qoy, ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələri növbəti ildə daha da güclənsin".
Yəmən Respublikasının Prezidenti Abburabbih Mənsur Hadidən:
"Qardaş Azərbaycan xalqının milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə xoş təbriklərimi və səmimi salamlarımı çatdırıram.
Bu əlamətdar bayram münasibətilə Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf, tərəqqi və çiçəklənmə arzu edirəm".
Tailand Kralı Bhumibol Adulyadejdən:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Zati-alinizə xoşbəxtlik və cansağlığı, Azərbaycan Respublikasına və xalqına tərəqqi və inkişaf arzulayıram".
Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkindən:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına şəxsən öz adımdan və bütün həştərxanlılar adından səmimi təbriklər və ən xoş arzular yetirməyə şadam.
Biz xalqlarımızın tarixi dostluğunu əziz tuturuq və bu bayramın sevincini Azərbaycan əhalisi ilə səmimi qəlbdən bölüşürük. İnanırıq ki, Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmətə və etimada söykənən əməkdaşlıq ənənələrini gələcəkdə də birgə səylərlə fəal şəkildə genişləndirəcək, Rusiya-Azərbaycan qarşılıqlı əlaqələri çərçivəsində çoxtərəfli münasibətlərin möhkəmlənməsi üçün yeni imkanlar tapacağıq.
Sizə və Sizin gözəl ölkənizin bütün sakinlərinə səmimi qəlbdən gözəl bayram əhval-ruhiyyəsi, sağlamlıq, əmin-amanlıq və Azərbaycan dövlətinin rifahı naminə quruculuq işlərində nailiyyətlər arzulayıram".
İnquşetiya Respublikasının rəhbəri Yunusbek Yevkurovdan:
"Sizi dövlət bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Sizin dövlətçilik mənafelərinə şəxsi sədaqətiniz, fəal həyat mövqeyiniz öz xalqına təmənnasız xidmətin parlaq nümunəsidir.
Bu gün Siz bütün qüvvənizi, biliyinizi və təcrübənizi Azərbaycan Respublikasının rifahına sərf edir, proqramları bacarıqla real işlərə çevirirsiniz. Sizin yüksək peşəkarlığınız, müasir siyasi təfəkkürünüz, məqsədyönlü işiniz respublikanın sosial-iqtisadi inkişafına, onun sakinlərinin həyat səviyyəsinin və rifahının artmasına şərait yaradır.
Sizə və Azərbaycan Respublikasının bütün sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram".
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovdan:
"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycan Sizin rəhbərliyiniz ilə böyük atanızın ənənələrini davam etdirərək sosial-iqtisadi sahədə, dövlət quruculuğunda sıçrayış nümayiş etdirir, beynəlxalq məkanda nüfuzu möhkəmlənir. Rusiya ilə Azərbaycan xalqlarının bir-birinə olan dərin rəğbət və etimad hissi, çoxəsrlik dostluq ənənələri mehriban qonşuluq əlaqələrinin, uğurlu çoxplanlı işgüzar əməkdaşlığın möhkəmlənməsi, o cümlədən həm də regional səviyyədə sabitliyin və əmin-amanlığın təmin edilməsi üçün möhkəm zəmin yaradır.
Sizə cansağlığı, çoxşaxəli fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və çiçəklənmə arzulayıram".
Yaponiyanın İmperatoru Akihitodan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan və Sizə xoşbəxtlik, xalqınıza isə çiçəklənmə arzulamaqdan böyük məmnunluq duyuram".
İtaliya Respublikasının Prezidenti Ciorcio Napolitanodan:
"Milli müstəqillik günü münasibətilə İtaliya xalqı adından və öz adımdan dost Azərbaycan xalqına səmimi sülh və rifah arzularımı bildirirəm.
Ölkələrimiz arasındakı mövcud səmərəli əməkdaşlığımız güclü və dərin kökləri olan dostluq əlaqələrinə, iqtisadi və mədəni sahədə getdikcə artan münasibətlərə əsaslanır. Ölkələrimizin maraqlarına xidmət edən strateji tərəfdaşlığımızın daha da gücləndirilməsi üçün qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyimizə inanıram.
Məhz belə bir əhval-ruhiyyə ilə şəxsən Sizə və xalqınıza cansağlığı arzu edirəm".
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan:
"Sizi və bütün Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası öz suveren siyasətini həyata keçirməklə sanballı sosial-iqtisadi uğurlar qazanmışdır. Azərbaycanın nailiyyətləri dünya birliyi tərəfindən etiraf edilmişdir. Bakıda müntəzəm keçirilən mühüm beynəlxalq tədbirlər və görüşlər buna sübutdur.
Fürsətdən istifadə edib məmnunluqla qeyd edirəm ki, Belarus-Azərbaycan əməkdaşlığı ilbəil möhkəmlənir. Bizim şəxsi görüşlərimiz ikitərəfli qarşılıqlı əlaqələrin daha da inkişafı üçün mühüm potensial olduğunu inandırıcı şəkildə nümayiş etdirmişdir. Daimi səmərəli dialoqun dəstəklənməsinin zəruri olduğuna əminəm və tezliklə Azərbaycanda görüşəcəyimizə ümid edirəm.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoş günlər, sülh və qardaş Azərbaycan xalqının firavanlığı naminə ali dövləti vəzifənizdə yeni zəfərlər diləyirəm".
Maldiv Respublikasının Prezidenti Məhəmməd Vahiddən:
"Müstəqilliyinizin elan edilməsinin ildönümü münasibətilə Maldiv hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və arzularımı çatdırmaq istəyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".
Avstraliya İttifaqının General-Qubernatoru Xanım Kventin Braysdan:
"28 May - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, hökumətinizə və Azərbaycan xalqına ən səmimi arzularımı çatdırmaq istəyirəm.
Avstraliya ilə Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə bir çox oxşar yanaşmaları vardır. Diplomatik münasibətlərimizin qurulmasının 20-ci ildönümünü yüksək qiymətləndirərək, ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcək Azərbaycan səfirliyinin bu il Avstraliyada açılmasını səbirsizliklə gözləyirəm.
2013-cü ilin oktyabrında Azərbaycanda prezident seçkilərinin dinc və uğurlu keçməsini arzulayıram. Bu seçkilərdən əvvəl - 2013-cü ilin sentyabrında Avstraliyada federal seçkilər keçiriləcəkdir. Hər iki seçki bizim demokratiyaya sadiqliyimizin vacib ifadəsi olacaqdır. Avstraliya hökuməti beynəlxalq ictimaiyyətin göstərdiyi etimad nəticəsində 2013-2014-cü illər üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilmək şərəfinə layiq görülmüşdür. Biz inanırıq ki, müasir çağırışlar qlobal həll yolu tələb edir və BMT kimi çoxtərəfli təşkilatlar kollektiv həllin ən yaxşı vasitələrini təmin edirlər. Avstraliya Təhlükəsizlik Şurasının qarşısında duran problemlərin həllində Azərbaycan ilə birgə işləməyə sadiqdir və gələcək illərdə qarşılıqlı maraq doğuran məsələlər üzərində ölkənizlə çalışmaq arzusundadır. 2012-ci ildə Azərbaycanın Təhlükəsizlik Şurasına uğurlu sədrliyini və Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin Əfqanıstandakı missiyasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri növbəti illərdə də inkişaf edəcəkdir".
Malta Respublikasının Prezidenti Corc Abeladan:
"28 May - Respublika Günü münasibətilə Malta xalqı adından və şəxsən öz adımdan Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqına əmin-amanlıq və davamlı tərəqqi arzulayıram. Həmçinin ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəyinə əminliyimi ifadə etmək istəyirəm".
Vəliəhd, Baş nazirin müavini, müdafiə naziri Salman bin Əbdüləziz Al Səuddan:
"Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".
TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan:
"Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.
Türk dünyasında qurulan ilk respublika olan və bu il yaradılmasının 95-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin məqsədyönlü siyasəti və müdrik rəhbərliyi nəticəsində aparıcı dövlətlər arasında öz layiqli yerini tutmuş və dünyanın mədəni mərkəzlərindən birinə çevrilmişdir.
TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən Zati-alinizin diqqəti və qayğısı sayəsində zəngin Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən bütün beynəlxalq tədbirlərdə ümumtürk mədəniyyətini layiqincə təmsil edir və dünya mədəniyyətinə böyük töhfələr verir.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzu edirəm".
Niderlandın Kralı Villem-Aleksandrdan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi təbrik edir və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı bildirirəm".
İsveç Kralı Karl Qustavdan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi arzulayıram".
Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən:
"Dost ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Bəhreyn Krallığının xalqı adından və şəxsən öz adımdan Sizə xoş təbriklərimizi və səmimi salamlarımızı çatdırırıq.
Bu fürsətdən istifadə edərək şəxsən Zati-alinizə cansağlığı və xoşbəxtlik, xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı inkişaf və çiçəklənmə arzu edirik".
Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Meksika hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi Sizə çatdırmaqdan böyük məmnunluq duyuram.
Sülh və inkişaf naminə xalqlarımız arasındakı əlaqələri möhkəmlətmək üçün əməkdaşlıq və anlaşma münasibətlərini gücləndirmək istiqamətində həm Hökumətimin marağını, həm də şəxsən öz arzumu Sizə çatdırmaq istərdim.
Zati-aliləri, səmimi təbriklərimi və dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan:
"Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi təbrik edirəm. Zati-alinizə ən dərin ehtiramımı bildirirəm".
Filippin Respublikasının Prezidenti III Beniqno Akinodan:
"Ölkəniz və xalqınız 28 May - Respublika Gününü bayram edərkən Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqda Filippin xalqı da mənə qoşulur.
Fürsətdən istifadə edərək Zati-alinizə bir daha bildirmək istəyirəm ki, Filippin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi işinə sadiqdir.
Bu əlamətdar bayram günündə əminliyimi bildirmək istəyirəm ki, Filippin və Azərbaycan siyasi, iqtisadi, mədəni sahələrdə intensiv əməkdaşlıq, xalqlarımız arasında qarşılıqlı əlaqələr sayəsində dostluq münasibətlərini inkişaf etdirəcəklər.
Zati-alinizə möhkəm cansağlığı, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi və rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm".
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğludan:
"Əlamətdar bayram - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və qardaş Azərbaycan xalqına ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaq istəyirəm.
Fürsətdən istifadə edərək İslam Əməkdaşlıq Təşkilatının məqsədlərinin həyata keçirilməsində Sizin və Azərbaycan Respublikası Hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyimi bildirirəm.
Ulu Tanrıdan Zati-alinizin müdrik rəhbərliyi altında qardaş Azərbaycan xalqının davamlı inkişafını və çiçəklənməsini arzulayır, Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etmənizi xahiş edirəm".
Çin Xalq Respublikasının Sədri Si Tszinpindən:
"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə Çin hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi və xoş arzularımı bildirirəm.
Hazırda Azərbaycanda sabit siyasi və ictimai vəziyyət, dinamik inkişaf edən iqtisadiyyat, xalqın həyat səviyyəsinin ardıcıl artması müşahidə olunur. Çin tərəfi bunu müsbət qiymətləndirir və əmindir ki, Zati-alinizin rəhbərliyi ilə Azərbaycan öz inkişafında daim yeni uğurlar qazanacaqdır.
Ölkələrimiz arasında diplomatik əlaqələr qurulmasından keçən 21 il ərzində Çin ilə Azərbaycanın dostcasına əməkdaşlıq münasibətləri çox yaxşı inkişaf edir, bütün sahələrdə tərəfdaşlığın fəal nəticələri vardır. Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə bundan sonra da ənənəvi dostluğu möhkəmlətməyə, işgüzar əməkdaşlığı genişləndirməyə, qarşılıqlı hörmət, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ölkələrimizin və xalqlarımızın rifahı naminə Çin-Azərbaycan münasibətlərini daim inkişaf etdirməyə hazırdır.
Ölkənizə firavanlıq, xalqınıza səadət diləyirəm.
Sizə möhkəm cansağlığı və rifah arzulayıram".
Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən:
"Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə Sizə Hindistan xalqı adından və şəxsən öz adımdan ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Hindistan və Azərbaycan xalqları arasındakı dostluq münasibətləri möhkəm tarixi və mədəni əlaqələrə söykənir. Əminəm ki, çoxtərəfli qarşılıqlı əlaqələrimiz xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcəkdir. Hindistan Azərbaycan ilə əməkdaşlığın intensivləşdirilməsini arzu edir.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq və inkişaf arzulayıram.
Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən:
"Azərbaycanın dövlət bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin rəhbərliyinizlə ölkə daxilində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin və tarazlaşdırılmış xarici siyasətin uğurları Qazaxıstanda yaxşı məlumdur.
Qazaxıstan ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi dəyərləndirirəm. Əminəm ki, qarşılıqlı etimada və dəstə