İranlı iş adamı Laçın rayonunun xatirəsini əbədiləşdirmək məqsədilə Qeşm adasında tikdiyi hotelin adını "Laçın" qoyub. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumata əsasən, Səməd Nəvidi adlı iranlı iş adamı 18 may 1992-ci ildə işğal olunmuş Laçın rayonunun xatirəsini əbədiləşdirmək və Azərbaycan xalqına dəstək məqsədilə hoteli "Laçın" adlandırdığını və iranlıların Laçın rayonunun işğaldan azad olunacağı günü səbirsizliklə gözlədiyini deyib.
Qeyd edək ki, 1992-ci il mayın 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq talan edib. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşüb. 1930-cu ildən inzibati ərazi vahidi statusu alan Laçın rayonunun 1835 kvadrat kilometr ərazisi, 121 kəndi var.
Laçının işğalı zamanı 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal altında 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi qalıb.