Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və maliyyə-kredit sistemi: nailiyyətlər və çağırışlar" mövzusunda konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.
AMB-dən verilən məlumata görə, tədbirin əvvəlində konfrans iştirakçıları üçün ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə hazırlanan qızıl xatirə sikkələrinin təqdimat mərasimi keçirilib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 21 yanvar 2013-cü il tarixli sərəncama əsasən, Mərkəzi Bank tərəfindən yubiley münasibətilə 3-cü nəsil qızıl xatirə sikkələrinin istehsalı təşkil edilib.
Böyük Britaniyanın "The Royal Mint" Kral Sikkəxanasında 3 növdə ən yüksək əyarlı qızıldan hazırlanmış yeni nəsil xatirə sikkələrində milli ornament üslubunda aypara və səkkizguşəli ulduzun fonunda ulu öndərin portreti əks olunub. Sikkələr ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğun dizayn edilib.
Sikkələrin birinci növünün çəkisi 1 troy unsiyası (31,21 qr), ikinci növünün çəkisi 10 troy unsiyası (313 qr), üçüncü növünün çəkisi isə 1 kq təşkil edir.
Bundan sonra konfrans işinə başlayıb və konfransı giriş nitqi ilə açan Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, həm də bu gün dünyanın ən sabit və sürətlə inkişaf edən güclü iqtisadiyyatının qurucusudur. Məhz ulu öndərin 90-cı illərin ortalarında təməlini qoyduğu güclü sosial-iqtisadi baza bu gün Azərbaycan xalqının yüksək rifahına, onun parlaq gələcəyinə xidmət edir.
Heydər Əliyev müasir tariximizin çətin və keşməkeşli bir dönəmində xalqın tələbi ilə dərin keçid böhranı yaşamış, iqtisadi potensialının yarıdan çoxunu itirmiş, hiperinflyasiyanın, kütləvi yoxsulluq və səfalətin tüğyan etdiyi boş xəzinəsi olan bir ölkəyə rəhbər gətirilib. Qısa müddətdə ölkədə dövlətçiliyin əsası olan ictimai-siyasi sabitlik bərpa olunub. Bu əsas amil bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyatda zəruri islahatların həyata keçirilməsinə zəmin yaradıb. Aparılan ardıcıl iqtisadi islahatlarla qısa zamanda ölkədə makroiqtisadi sabitliyin əsası qoyulub, qiymətlərin sabitliyinə nail olunub, ölkənin zəruri valyuta ehtiyatı yaradılıb.
Rüstəmov bildirib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, bank sektorunun formalaşması və inkişafında da dönüş nöqtəsi oldu. Heydər Əliyevin birbaşa diqqət və dəstəyi ilə bank islahatları dövlət banklarının yenidən qurulması, özəl bankların kapitalizasiyası və konsolidasiyası, bank infrastrukturunun formalaşması istiqamətində həyata keçirildi.
O qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illər ərzində görülmüş genişmiqyaslı işlər Azərbaycanda sıçrayışlı inkişafın başlaması üçün zəruri potensial formalaşdırdı. Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, bu kursun ideoloji bazası əsasında yeni inkişaf modelini həyata keçirən, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah, mədəni cəmiyyətin qurulması istiqamətində 2003-cü ildə bəyan edilmiş hədəflər artıq günümüzün reallığına çevrilib. Bu gün dövlət başçısı tərəfindən təsdiq olunmuş müasir inkişaf konsepsiyası keyfiyyətcə yeni prioritetlər müəyyən edir. İnnovasiya əsaslı inkişaf modelinə keçid, yüksək rəqabət qabiliyyətli və şaxələnmiş iqtisadiyyatın qurulması qarşıda duran ən mühüm prioritetdir.
İqtisadiyyatın şaxələnməsi üçün ən fundamental şərtlərdən biri makroiqtisadi sabitlikdir. Bunun üçün Mərkəzi Bank orta müddətli dövrdə çevik pul və məzənnə siyasətini yürüdəcək. Maliyyə sabitliyi də Mərkəzi Bankın ən mühüm strateji hədəflərindən biridir. Bu mənada makro və mikro prudensial siyasət bank sektorunda hərarətlənmənin sistem tənzimlənməsi və fərdi nəzarət vasitəsilə idarə edilməsinə yönələcək.
Rüstəmov bildirib ki, bank sektorunun əsas hədəfi yaxın 10 ildə maliyyə dərinliyini ümumi daxili məhsula nisbətdə 100%-ə çatdırmaqdan ibarət olacaq. Bank biznesinin daha da müasirləşməsi, elektronlaşması və optimizasiyası istiqamətində zəruri tədbirlər görüləcək. Bank filiallarının, mikromaliyyə institutlarının regionlara intensiv istiqamətlənməsi, kənd bankçılığının inkişafı istiqamətində zəruri fəaliyyət təmin ediləcək. Maliyyə dərinliyinin böyüməsində ölkədə nağdsız hesablaşmaların miqyasının genişləndirilməsi mühüm rol oynayacaq.
Çıxışının sonunda Rüstəmov bir daha qeyd edib ki, ulu öndər Heydər Əliyevin iqtisadi quruculuq sahəsində böyük əməyi, yorulmaz fəaliyyəti iqtisadi inkişaf tarixinin parlaq səhifəsi kimi daim yaddaşlarda yaşayacaq.
Sonra digər natiqlərin məruzələri dinlənilib.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Mərkəzi Bank tərəfindən ali təhsil müəssisələrinin iqtisadyönlü fakültələrində təhsil alan tələbələri arasında "Heydər Əliyev və Azərbaycanda bank sektorunun inkişafı" mövzusunda keçirilən referat müsabiqəsinin qalibləri mükafatlandırılıb.