Bu gündən Təhsil Nazirliyinin təşkil etdiyi "Elektron Təhsil" Respublika müsabiqəsinə başlanılıb.
Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı verilən məlumata görə, "Müasir məktəbdə elektron tədris resursları" və "Təhsildə internet texnologiyaları" istiqamətlərində təşkil olunan "Elektron Təhsil" Respublika müsabiqəsi üzrə sənəd qəbulu mayın 25-dək davam edəcək. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, internet texnologiyalarından tədris prosesində istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaq və informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.
"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan materiallar təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli" nominasiyası üzrə müəyyən olunacaq.
"Təhsildə internet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu internet resursları və bloqlar təqdim edilə bilər. Qaliblər "Təhsildə internet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən ediləcək.
Müsabiqədə hər 3 nominasiya üzrə qalib gələnlərə noutbuk, netbuk və digər xüsusi mükafatlar təqdim olunacaq.
"Elektron Təhsil" Respublika müsabiqəsi artıq dördüncü ildir keçirilir və ümumilikdə bu müsabiqəyə 2000-dən artıq layihə təqdim edilib.