İtaliya senatının yeni sədri məşhur prokuror və mafiya ilə mübarizə aparan 68 yaşlı Pietro Qrasso seçilib. RİA Novostiyə istinadən verdiyi məlumuta görə, solmərkəzçi qüvvələrin namizədinin lehinə 315 senatdan 137 nəfəri səs verib. Məhz, bu nəticə Pietro Qrassonun sağmərkəzçi qüvvələrin namizədi Renato Skifanini geridə qoymasına əsas yaradıb.
Qeyd edək ki, Senatın sədri İtaliyanın dövlət ierarxiyasında prezidentdən sonra ikinci şəxs hesab edilir. Konstitusiyaya görə, prezident səlahiyyətlərini həyata keçirə bilmədikdə, Senatın sədri bu vəzifəni icra edir.
Xatırladaq ki, Pietro Qrasso karyerasına 1969-cu ildə prokurorluq orqanlarında fəaliyyətlə başlayıb. O, 1986-1987-ci illərdə İtaliya tarixində ilk dəfə "Koza nostra" başçılarının və 400-dən artıq mafiya üzvünün məhkəmə qarşısına çıxarıldığı "maksi-proses"də iştirak edib.
1999-cu ildə Palermonun baş prokuroru olub. Onun rəhbərliyilə 5 il ərzində 1800 mafiya üzvü, həmçinin, "Koza nostra"nın 13 başçısı həbs olunub.
2005-ci ildən isə o, mafiya ilə mübarizə üzrə Milli Prokurorluğa rəhbərlik edib.