Qazaxıstanın Azərbaycana təyin edilmiş yeni səfiri Amangeldı Jumabayev martın 14-də Bakıya gələcək. Bu barədə çərşənbə günü diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, Jumabayev tezliklə etimadnaməsini Azərbaycan Prezidenti və xarici işlər nazirinə təqdim edəcək və vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
Amangeldı Jumabayev 1951-ci il oktyabrın 4-də Almatı vilayətində anadan olub. Bundan əvvəl respublikanın xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. S.M.Kirov adına Qazaxıstan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini (1974-cü il), Almatı Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisadiyyat fakültəsini (1978-ci il), SSRİ NŞ yanında Xalq Təsərrüfatı Akademiyasını (1991-ci il) və Kənd Təsərrüfatı İqtisadiyyatı Ümumittifaq ETİ-nin əyani aspiranturasını (Moskva, 1982-ci il) bitirib.
Diplomatik xidməti dövründə Qazaxıstanın və olduğu ölkələrin KİV-də yazıları müntəzəm dərc olunub.
"Qazaxıstan - Ukrayna: keçmişlə gələcək arasında" kitabının (2010-cu il) müəllifidir.
İngilis dilini bilir. 1996-cı ilin noyabrından diplomatik xidmət orqanlarında çalışır.