Güləş idman növü birmənalı olaraq Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarının siyahısına salınacaq. Bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir qeyd edib ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası güləşin oyunların proqramında yer almasına heç vaxt etiraz etməyib.
Avropa Olimpiya Oyunlarında idman növlərinin müəyyənləşdirilməsi məsələsinə toxunan nazir bunun üçün hələ mart ayının axırına qədər vaxt olduğunu deyib.
Rəhimov qeyd edib ki, bu gün proqramda 19-a qədər olimpiya idman növü var, həmçinin 7-ə qədər qeyri-olimpiya idman növü var ki, onlardan iki idman növü seçiləcək.
"Danışıqlar aparılır və ən vacib nəticə odur ki, 20 ildən çox idi ki, Avropa Olimpiya Oyunları layihədə idi, Avropa Olimpiya Komitəsi 20 ildən çox idi ki, bu oyunları keçirtmək niyyətində idi, ancaq deyə bilərik ki, bu gün biz bunu edə bildik. Buna böyük maraq var, Avropa idman ictimaiyyəti arasında bununla bağlı müsbət fikir mövcuddur. Biz deyə bilərik ki, bu işə çox uğurla başlamışıq və inanırıq ki, Avropa Olimpiya Oyunları Azərbaycanda çox uğurla keçiriləcək", - Rəhimov deyib.
Nazirin fikrincə, son illər dünyada basketbolun 3X3 adlanan növünə böyük maraq yaranıb. Bu növün də oyunların proqramında yer almasına müsbət rəy verilib.
O, həmçinin qeyd edib ki, böyük basketbolun isə proqrama salınması üçün hazırda danışıqlar aparılır.
Qeyd edək ki, bu gün İdman Günü münasibətilə Azərbaycan Gənclər və İdman Nazirliyinin kollektivi, o cümlədən Azərbaycanın beynəlxalq turnirlərdə qələbə qazanmış bir çox idmançıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib və əklillər qoyublar. Daha sonra görkəmli oftamoloq alim Zərifə Əliyevanın xatirəsini də ehtiramla yad ediblər.