Martın 1-də Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyası İqtisadi İnkişaf Nazirliyində olub və nazir Şahin Mustafayevlə görüşüb.
Nazirlikdən verilən məlumatda bildirilir ki, iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan iqtisadiyyatında aparılan islahatlar, 2012-ci ilin yekunları üzrə makroiqtisadi vəziyyət, son illərin inkişaf meylləri, 2013-2017-ci illərdə Azərbaycanın əsas makroiqtisadi proqnozları barədə məlumat verib.
Missiya üzvlərinə bildirilib ki, 2013-2017-ci illər ərzində iqtisadi artımı orta hesabla 5.1%, o cümlədən, qeyri-neft sektorunda 8% proqnozlaşdırır. Bu dövrdə orta illik inflyasiya 4.4% təşkil edəcək.
BVF Azərbaycan üzrə missiyası ilə görüşdə 2013-cü il üçün makroiqtisadi çərçivə, qeyri-neft sektorunun, xüsusilə özəl bölmənin inkişafı tədbirləri və s. məsələlər müzakirə edilib.
Görüşdə, həmçinin, missiya üzvlərinin sualları cavablandırılıb, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.