Fevralın 22-də ABŞ-ın Dövlət Departamentində keçirilmiş brifinqdə mətbuat katibi Viktoriya Nuland Xocalı qırğınının 21-ci ildönümü ilə əlaqədar suallara cavab vermişdir. Xocalı qırğını barədə dövlət departamentinin hər hansı bəyanat verib-verməyəcəyi, Ağ evin saytında Xocalı faciəsinə dair petisiya kampaniyasının müvəffəqiyyətlə başa çatması ilə əlaqədar ABŞ administrasiyasının rəyi barədə suallara cavab verərkən xanım Nuland bildirmişdir ki, Ağ evlə bağlı suallara məhz Ağ ev administrasiyası cavab verməlidir. V.Nuland demişdir: “Mən sadəcə bunu deyə bilərəm ki, Ermənistanla Azərbaycan arasında müharibə zamanı faciəvi insan tələfatı göstərir ki, Dağlıq Qarabağ münaqişəsi gələcəkdə müharibə yolu ilə həll edilə bilməz. Yalnız sülh yolu ilə davamlı nizamasalma regionda sabitliyə, rifaha və barışığa gətirib çıxara bilər”.