İctimai nəqliyyatda vahid ödəniş kartı Bakı Metropoliteninin sisteminə inteqrasiya ediləcək
20 fevral, 2013 21:50
Vahid gediş haqqı kartı Bakıda ictimai nəqliyyatın bütün növlərində, o cümlədən Bakı Metropolitenində gediş üçün tətbiq ediləcək. Bu barədə çərşənbə günü Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin texniki mütəxəssisi İbrahim Əliyev mətbuat konfransında deyib.
Əliyevin sözlərinə görə, vahid gediş haqqı kartları ticarət mərkəzləri və xüsusi aparatlar vasitəsilə yayılacaq. Kartlar pulsuz veriləcək.
Mərkəzin rəhbəri Elnur Abdullayev isə bildirib ki, ictimai nəqliyyatda vahid gediş haqqının tətbiqi layihəsində sosial aspektlər də nəzərə alınacaq. Yəni istifadəçilərin kateqoriyasından asılı olaraq, güzəştlər qəbul ediləcək. Məsələn, tələbələr və digər istifadəçi kateqoriyaları üçün ayrıca kartlar buraxılacaq.