Dünya Bankının beynəlxalq missiyasının nümayəndələri fevralın 19-da “Azərikimya” İstehsalat Birliyinin (İB) rəhbərləri ilə görüşmüşdür.
İB-nin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Sumqayıt sənaye regionunun Azərbaycan iqtisadiyyatındakı mühüm rolundan, “Azərikimya”nın fəaliyyətindən, onun inkişaf perspektivlərindən söhbət açılmışdır.
Diqqətə çatdırılmışdır ki, Sumqayıt sürətlə inkişaf edərək, Azərbaycanın böyük və güclü bir sənaye mərkəzinə çevrilməkdədir. Son illər ərzində şəhərin iqtisadi xəritəsində çoxsahəli sənaye strukturuna malik Texnologiyalar Parkı, təbii enerji mənbələrindən istifadə üçün qurğular istehsal edən “Güntex” zavodu, Kimya Sənaye Parkı, karbamid zavodu və digər müasir tipli, yeni və tullantısız texnologiyaya malik müəssisələr yaradılmışdır.
Dünya Bankının beynəlxalq missiyasının ekspertləri qurumun fəaliyyətindən, yeni sənaye parklarının yaradılmasında missiyanın geniş təcrübəsindən söhbət açaraq bu sahədə əməkdaşlığa hazır olduqlarını bildirmişlər.