Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azərikimya” İstehsalat Birliyində (İB) yenidənqurma layihələri çərçivəsində etilen-polietilen zavodunun ərazisində yeni azot-oksigen qurğusunun inşasına başlanılmışdır.
İB-nin mətbuat xidmətindən bildirmişlər ki, yeni qurğu əvvəlkindən yığcam olması və enerji sərfi baxımından əlverişliliyi, texnoloji sxeminin müasir tələb və standartlar səviyyəsində qurulması, idarəetmənin avtomatlaşdırılaraq kompyuter sistemi üzrə aparılması ilə seçilir.
Mütəxəssislərin rəyinə görə, yeni qurğu həm də ekoloji baxımdan və xidmət heyətinin az olması ilə də münasibdir. Bütün tikinti–quraşdırma işləri “Azərikimya”nın öz daxili imkanları hesabına, son üç il ərzində bu sahədə kifayət qədər geniş təcrübə qazanmış təmir-tikinti idarəsinin kollektivi tərəfindən yerinə yetirilir.