Ötən il Qəbələnin sosial-iqtisadi inkişafı baxımından uğurlu il olmuşdur
18 fevral, 2013 23:35
Ötən il Qəbələ rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Fevralın 18-də “Qafqaz Resorte” otelində keçirilən hesabat yığıncağında ötən il ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 228.167 min manatlıq məhsul istehsal edildiyi diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 8.160 min manat, yaxud 3,7 faiz çox olmuşdur. 2012-ci ildə əvvəlki ilə nisbətən ümumi məhsul buraxılışı sənayedə 159 min manat, yaxud 1 faiz, kənd təsərrüfatında 2.997 min manat, yaxud 6 faiz, tikintidə 2.310 min manat, yaxud 2 faiz, nəqliyyatda 463 min manat, yaxud 18 faiz, rabitədə 60 min manat, yaxud 8 faiz, ticarətdə 2.171 min manat, yaxud 10 faiz artmışdır. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 126.475 min manat, tikinti-quraşdırma işlərinin həcmi isə 113.840 min manat təşkil etmişdir.
Məlumat verilmişdir ki, ötən il rayonun Topbağ kəndində 80 şagird yerlik ümumi orta, Tövlə kəndində 180 şagird yerlik tam orta, Nic qəsəbəsində 360 şagird yerlik tam orta, Solquca kəndində 80 şagird yerlik ibtidai məktəb binaları, Bum qəsəbəsində 25 yerlik uşaq bağçası və Milli Təhlükəsizlik Nazirliyinin Qəbələ rayon şöbəsi üçün inzibati bina, Çuxur Qəbələ kəndində arxeoloji qazıntıların sərgisi üçün bina tikilərək istifadəyə verilmişdir.
Hesabat ilində Vəndam qəsəbəsindəki 1 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri görülmüş, Kiçik Pirəli kəndində 180 şagird yerlik tam orta məktəb üçün yeni binanın, Qəbələ Rayon Mədəniyyət Mərkəzinin, “Yengicə İstisu” sağlamlıq mərkəzinin yeni korpusunun, “Aspi-Aqro” MMC-nin Qaradeyin kəndində yeni şərab zavodunun, Qəbələ-Küsnət-Laza avtomobil yolunun və həmin yolda Duruca və Dəmiraparan çayları üzərində körpülərin, Qəbələ şəhər məscidinin inşasında tamamlanma işləri aparılır.
Bundan əlavə, Qəbələ şəhəri-Beynəlxalq hava limanı magistral avtomobil yolunun, Qəbələ Şəhər Futbol Akademiyasının, stadionlar kompleksinin, “Karvansaray” otel kompleksinin, Konqres Mərkəzinin, atçılıq kompleksinin, Bum qəsəbəsində stend və ox atıcılığı kompleksinin, “Kanat yol”unun, “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin və daxili qoşunların “N” saylı hərbi hissəsinin tikintisi davam etdirilir.
Hesabat ilində Vəndam qəsəbəsində 600 başlıq, Böyük Əmili kəndində isə 650 başlıq heyvandarlıq kompleksləri inşa edilmişdir. Qəbələ şəhərində istehsal təyinatlı “Cipsi” fabriki və limonad zavodunun tikintisinə başlanılmışdır. Qəbələ şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlər davam etdirilmişdir.
Yığıncaqda ötən il görülmüş işlər təhlil edilməklə yanaşı, qarşıda duran vəzifələrdən də danışılmış, rayonun iqtisadiyyatının və digər sahələrinin daha da inkişafına xidmət edən təkliflər dinlənilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək ölkədəki sosial-iqtisadi inkişaf tədbirlərindən söz açmış, Qəbələdə görülmüş işləri yüksək qiymətləndirmişdir.