Türkiyə Suriya ilə sərhəddə nəzarət-buraxılış rejimini sərtləşdirib
16 fevral, 2013 23:54
Türkiyə Suriya ilə sərhəddə yerləşən “Cilvəgözü” nəzarət-buraxılış məntəqəsində üç mərhələli yoxlama sistemi tətbiq etməyə başlayıb. “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bundan sonra Suriyadan Türkiyəyə gələn bütün nəqliyyat vasitələri və piyadalar sərhəddəki bufer zonada üç mərhələli yoxlamadan keçəcəklər. Yoxlama proseduruna rentgen aparatından keçmə, maşınların qeydiyyatı və yoxlanılması, şübhəli avtomobillərin təkrar yoxlanılması daxildir. Sərhədi keçən şəxslər yalnız bu mərhələlərdən keçdikdən sonra pasport nəzarətinə buraxılır və sonda Türkiyə sərhədini keçə bilir.
Xatırladaq ki, fevralın 11-də Türkiyə-Suriya sərhədindəki “Cilvəgözü” sərhəd-keçid məntəqəsində Suriya dövlət qeydiyyat nömrələri ilə olan avtomobil partladılıb. Nəticədə 14 nəfər ölüb, 25 nəfər isə yaralanıb.
Qeyd edək ki, bir qədər əvvəl Respublika Xalq Partiyasından olan deputat Refiq Əryılmaz “TRT Türk” kanalının efirində bəyan edib ki, Türkiyə-Suriya sərhədindəki “Cilvəgözü” sərhəd-keçid məntəqəsindən keçən avtomobillərə nəzarət lazımi səviyyədə aparılmır.