ABŞ-da Xocalı faciəsinə həsr olunmuş yeni aksiya keçirilir
16 fevral, 2013 22:55
Azərbaycan Amerika Alyansı Xocalı soyqırımı həqiqətlərinin dünyaya çatdırılması məqsədi ilə yeni geniş kampaniyaya başlamışdır.
Alyansdan bildirmişlər ki, kampaniya çərçivəsində ABŞ-ın bir neçə şəhərinin mərkəzi küçələrində Xocalı hadisələrinə dair məlumatları əks etdirən illuminasiya posterləri asılmışdır.
Posterlər paytaxt Vaşinqtonun mərkəzi prospektində, Nyu-Yorkun ən böyük dəmiryolu vağzalı olan “Penn Station”da, o cümlədən metro stansiyalarında quraşdırılmışdır. Bundan əlavə, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılmışdır. Vaşinqtonda 400-dən çox metro qatarlarında, o cümlədən 95 metro stansiyasında, “Capitol Hill”ə gedən avtobuslarda posterlər quraşdırılmışdır.