Marneulidə “Azərbaycan həqiqətləri” filmlər toplusunun təqdimatı keçirilmişdir
15 fevral, 2013 21:00
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşəbbüsü ilə azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində “Azərbaycan həqiqətləri” adlı filmlərdən ibarət toplunun təqdimatı keçirilmişdir.
Topluda “Soyqırımı: Quba”, Soyqırımı: Şamaxı”, “Xocalı soyqırımı”, “Qarabağ soyqırımı”, “Ağdaban faciəsi”, “Dağıdılmış mədəniyyət beşiyi: Şuşa”, “Ağdam: Qafqazın Xirosiması” filmləri yer almışdır.
Təqdimat mərasimini Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov açmışdır. O, qeyd etmişdir ki, belə bir tədbirin Xocalı soyqırımının ildönümü ərəfəsində baş tutması təqdirəlayiqdir və Gürcüstan azərbaycanlıları erməni işğalçılarının xalqımıza qarşı törətdikləri soyqırımları daim pisləmişlər. Bu proses bundan sonra da davam edəcəkdir. Biz bütün bu vəhşiliklərin gürcü ictimaiyyəti arasında təbliğinin güclənməsinə çalışacağıq.
F.Həsənov qeyd etmişdir ki, bu filmlərdə XX əsrin əvvəlləri və sonunda erməni terror təşkilatlarının dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımları öz geniş əksini tapmışdır. Onun hər biri gəncliyimiz üçün ibrət dərsidir.
Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, ümumiyyətlə, Azərbaycan gəncliyi və xaricdə məskunlaşmış soydaşlarımız arasında Azərbaycan həqiqətlərinin təbliğinin olduqca vacibliyinə diqqətə çatdırmışdır. Milli Məclisin deputatı demişdir ki, gənclik tariximizə sahiblik ruhunda tərbiyə edilməli, xalqımıza qarşı erməni vəhşilikləri barədə ətraflı və tarixi faktlara malik olmalıdır.
Q.Paşayeva gürcüstanlı soydaşlarımızın bu ölkənin Xocalı soyqırımını tanımasını qətiyyətlə istədiklərini söyləmiş və onlarla hər görüşündə bunun şahidi olduğunu demişdir.
Tədbir iştirakçılarından Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev, “Vətən” Cəmiyyəti Assosiasiyasının əməkdaşı Zaur Qəribli, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov Qarabağ həqiqətlərinin Gürcüstanda təbliğinin vacibliyindən söhbət açmışlar.
Sonra iştirakçılar “Azərbaycan həqiqətləri” filmlər toplusunda yer almış “Qarabağ soyqırımı” ekran əsərinə baxmışlar.