İtalyanın Valmontone şəhərini təmsil edən nümayəndə heyəti Göyçay rayonunda olmuşdur
14 fevral, 2013 22:42
Valmontone şəhərinin vitse-meri Roberto Malaspinanın başçılıq etdiyi nümayəndə heyətinin üzvləri əvvəlcə Göyçay şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Sonra Göyçay rayon İcra Hakimiyyətində italiyalı qonaqlarla görüş keçirilmişdir. Milli Məclisin deputatları Şəmsəddin Hacıyev və Sabir Hacıyevin, idarə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə qonaqlara rayon haqqında ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, rayonun əhalisi əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Göyçay həm də narı və uca çinarları ilə dünyada şöhrət tapmışdır. Göyçayda narın 69 növü yetişdirilir.
Məlumat verilmişdir ki, hər il ənənəvi olaraq keçirilən nar festivalı böyük əhəmiyyət kəsb edir.
Valmontone şəhərinin vitse-meri Roberto Malaspina, meriyanın mədəniyyət və turizm departamentinin məsul işçisi Massimiliano Bellotti, Valmontone Kənd Təsərrüfatı Universitetinin nümayəndəsi Covanni Valentino, "Doniamoun Sorriso" (Təbəssüm bəxş edək) Assosiasiyasından Françesko d'Erriko, sahibkar Canni Rekkia təmsil etdikləri qurumlar haqqında məlumat vermişlər.
Bildirmişlər ki, Romadan təxminən 40 kilometr aralıda yerləşən Valmontone, əsasən turizm şəhəri kimi tanınır. Xüsusilə Göyçayda yetişdirilən nar məhsulları ilə maraqlandıqlarını diqqətə çatdıran qonaqlar təhsil və aqrar sahələrdə də əməkdaşlıq etmək istədiklərini bildirmişlər. Onlar Valmontone Aqrar Universitetinin 700-800 hektar ərazisində Göyçaydan aparılacaq nar tingləri hesabına yeni bağın salınması niyyətlərini dilə gətirmişlər.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edən italiyalı qonaqlar xalqımızın zəngin adət-ənənəsinə, mətbəxinə məftun olduqlarını söyləmişlər.
Hər iki tərəfin nümayəndələri biri-birilərinə xatirə hədiyyələri və məlumat kitabçaları təqdim etmişlər.
Sonra Valmontone və Göyçay şəhərlərinin qardaşlaşması haqqında müqavilə imzalanmışdır.
Qonaqlar Göyçay rayonuna ikigünlük səfəri zamanı Şəhidlər xiyabanını ziyarət etmiş, Heydər Əliyev Mərkəzinə, rayon tarix-diyarşünaslıq muzeyinə, Bioloji Təbabət Klinikasına, şəhər 1 nömrəli tam orta məktəbinə, Göyçay Olimpiya İdman Kompleksinə baş çəkmiş, “AzNar” ASC və "Göyçay-Süd” ASC-də istehsal prosesi ilə tanış olmuşlar.