"Alfa Sığorta" ASC-nin lisenziya müddəti başa çatması ilə əlaqədar etibarsız sayılıb.Bu barədə çərşənbə günü Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin yaydığı məlumatda deyilir.
"Alfa Sığorta" sığorta fəaliyyətinə əvvəllər verilmiş lisenziyasının qüvvəsinin başa çatması ilə əlaqədar müddətsiz lisenziyanın verilməsi barədə müraciətini Maliyyə Nazirliyinə qanunvericiliklə müəyyən olunmuş müddətdə təqdim etmədiyindən, sığorta və lisenziyalaşdırma ilə bağlı qanunvericiliyinin tələblərinə müvafiq olaraq ASC-nin lisenziyası 2013-cü il 8 fevral tarixindən etibarsız sayılır", - məlumatda deyilir.
Bununla əlaqədar Cəmiyyətə sığorta qanunvericiliyinin sığorta və təkrarsığorta əməliyyatlarının dayandırılması ilə bağlı tələblərinə əməl etməsi barədə rəsmi göstəriş verilib.
Cəmiyyətin sığorta fəaliyyətinə müddətsiz lisenziyanın verilməsi barədə müraciətinə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır.
Qeyd edək ki, şirkətə sığorta fəaliyyəti göstərmək üçün beşillik lisenziya 1998-ci ilin fevral ayında verilmişdi.