Ermənilər Dağlıq Qarabağ münaqişəsinin başlanmasının 25 illiyini qeyd etməyə hazırlaşırlar. Yaranmış vəziyyət onları tarixi saxtalaşdırmaqdan geri çəkilməyə vadar etdi. Bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
O qeyd edib ki, ermənilərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbə sırıdığı tarix bundan ibarət idi ki, guya 1991-ci ildə SSRİ dağılarkən Dağlıq Qarabağ erməniləri müstəqil olmaq istəyib, bu niyyətlə referendum keçiriblər, Azərbaycan tərəfi buna cavab olaraq müharibəni başlayıb.
"Dağlıq Qarabağ erməniləri "millətlərin öz müqəddəratını təyin etmə" prinsipi kimi beynəlxalq hüquq əsasında müstəqillik əldə etmək istəyirdilər. Amma indi etiraf edirlər ki, Dağlıq Qarabağ erməniləri mübarizəyə 1991-ci ildə deyil, 1988-ci il 20 fevral tarixində başlayıblar və məqsədləri müstəqil olmaq deyil, Azərbaycanı parçalayıb Ermənistanın tərkibinə birləşmək olub", - politoloq deyib.
Onun sözlərinə görə, fevralın 12-də Hadrutda keçirilən mitinq ermənilərin SSRİ-ni dağıtmaq niyyətində apardıqları gizli işin ilk aşkar təzahürü idi.
Əhmədoğlu qeyd edib ki, erməni siyasətçiləri Dağlıq Qarabağda gizli komitələr yaratmışdılar. Bu gizli komitələr ABŞ-dan aldığı təlimatlar əsasında vaxtaşırı Kremlə müraciətlər və nümayəndə heyətləri göndərirdi.
"Bütün bu işlər ABŞ-dakı ermənilər vasitəsilə koordinə olunurdu. Prezident Reyqanın dövründə ABŞ-dakı erməni diasporunun gücü maksimuma çatdı. Onlar Prezident Administrasiyasında, Dövlət Departamentində xeyli yüksək vəzifəyə yiyələnmişdilər. 3-4 senator, 2-3 qubernator vəzifəsi də ermənilərin əlində idi", - politoloq deyib.
Onun sözlərinə görə, Corc Buş dövründə də təxminən buna bənzər vəziyyət davam etdi. ABŞ rəhbərliyi bir tərəfdən Qorbaçova ermənilərlə bağlı təlimat verirdi, digər tərəfdən SSRİ-dəki erməniləri Kremlə müraciətə göndərirdi.
"Ermənilərin Moskvaya nümayəndə heyətləri göndərməsi 1987-ci ilin sentyabr ayından başlamışdı. Erməniləri Moskvaya göndərməklə partiya və hökumət rəhbərliyinin aşağı strukturlarını bu məsələ ilə məşğul olmağa vadar edirdilər. Nəticədə ABŞ rəhbərliyi və ABŞ-dakı erməni diasporu istəyinə nail oldu. Ermənilərin Dağlıq Qarabağda başladığı proses SSRİ-ni dağıtdı", - Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Qərbin bu fəaliyyətində SSRİ-nin siyasi elitası da iştirak etdi. Ermənilər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yenə də həqiqəti sonadək demirlər.
"Dağlıq Qarabağ münaqişəsi 1987-ci ilin sonlarından başlayıb. SSRİ-nin o zamankı rəhbəri Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri, akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinə verdiyi müsahibədə Ermənistan SSR, eləcə də ümumilikdə SSRİ-nin iqtisadi inkişafının sürətlənməsi üçün Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə birləşdirilməsinin zəruri olduğunu bildirdi.
"Aqanbekyan bu addımı ilə SSRİ-nin iki təhlükəli problemini (iqtisadi problemlər və milli məsələdəki çatışmazlıqlar) bir-biri ilə birləşdirdi, bununla da soyuq müharibə dövründə Qərbin xüsusi xidmət orqanlarının SSRİ-yə qarşı hazırladığı planın reallaşdırılmasının başlanğıcını qoydu", - politoloq deyib.
Onun sözlərinə görə, 1988-ci il fevralın 20-də Azərbaycan SSR-in tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Xalq Deputatları Soveti Azərbaycan SSR-in tərkibindən çıxıb, Ermənistan SSR-in tərkibinə birləşməklə bağlı qərar qəbul etdi.
"Üstündən 2 gün keçmiş Əsgəran rayonunda azərbaycanlıların dinc nümayişi ermənilər tərəfindən atəşə tutuldu. Bununla da ermənilər Dağlıq Qarabağ münaqişəsində ilk qanı tökdülər: iki azərbaycanlı gənc şəhid oldu. Sumqayıt hadisələri və sonrakı hadisələr bundan sonra başladı", - Əhmədoğlu deyib.