Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq öz fəaliyyətini şəffaflıq prinsipləri əsasında qurur.
Bunu jurnalistlərə müsahibəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov demişdir.
A.Rəhimov bildirmişdir ki, yaranmasının birinci ildönümünü qeyd edən Dövlət Xidməti tərəfindən qısa müddətdə böyük işlər görülmüşdür. Əsas diqqət səfərbərlik və səfərbərlik hazırlığı işinin təşkilinə, ordu sıralarının və qanunvericiliklə yaradılmış silahlı birləşmələrin çağırışçılarla komplektləşdirilməsinə, çağırışaqədər gənclərin orduda xidmətə hazırlıq məsələlərinə yönəldilmişdir.
Xidmət rəisi demişdir: “Bir il ərzində korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilmişdir. Bu istiqamətdə işlər bu gün də davam edir. Biz Ali Baş Komandan İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri yerinə yetirməyə qadir olan bir qurumuq. Qısa zamanda bunu sübut edəcəyik.”