Nizami Kino Mərkəzində rejissor Şamil Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi "Çölçü" bədii filminin təqdimatı keçirilmişdir.
Mərasimdə mədəniyyət və turizm nazirini müavini Ədalət Vəliyev çıxış edərək demişdir ki, "Çölçü" filmi Azərbaycanda 2013-cü ilin ilk premyerasıdır. Bu ekran əsərinin çəkilişlərindən az müddət ötməsinə baxmayaraq "Çölçü" filmi artıq 6 beynəlxalq kinofestivalda iştirak etmişdir.
Ə. Vəliyev filmin ssenari müəllifi və baş rolun ifaçısı Vidadi Həsənovun uzun illərdir ki, aktyor kimi çalışdığını və ilk dəfə bu filmdə ssenari müəllifi kimi çıxış etdiyini vurğulamışdır. O, həmçinin filmin rejissoru Şamil Əliyevin və quruluşçu rəssamı Rafiq Nəsirovun xidmətlərini xüsusi qeyd etmişdir.
"Çölçü" filminin süjeti belədir: şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, yaxın məhəllədən gəlmiş qızla tanış olur. Qadınla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur.
Filmin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov və İbrahim Xəlil Aminov, bəstəkarı Rauf Əliyev, prodüserləri Müşviq Hətəmov və Azər Quliyevdir.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, gürcüstanlı aktrisa Salume Demuriya, Cavidan Məmmədli, Vüsal Mehrəliyev və başqaları çəkilmişlər.