Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin başa çatacağı tarix müzakirə ediləcək
11 fevral, 2013 23:20
Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsinin tikintisinin başa çatdırılması məsələsini müzakirə etmək üçün Gürcüstana yola düşür. Bu barədə jurnalistlərə bazar ertəsi nəqliyyat naziri Ziya Məmmədov bildirib.
"Bu dəmir yolu ilə ilk qatarın yola salınması 2013-cü ilin sonunadək gözlənilir. Bizim sabah Gürcüstana səfərimiz zamanı yolun Gürcüstan hissəsinin tikintisinin tamamlanması barədə məsələ müzakirə olunacaq", - nazir deyib.
Qeyd edək ki, dəhlizin buraxılış qabiliyyətinin ən yüksək həddi 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici bir milyon sərnişin və 6,5 milyon ton yük səviyyəsində olacaq.