Avronest Parlament Assambleyasının (PA) enerji təhlükəsizliyi komitəsinin Bakıda keçiriləcək iclasında bir sıra mühüm məsələlər müzakirə olunacaqdır
Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Azərbaycan Milli Məclisinin deputatı Fuad Muradov bildirmişdir ki, fevralın 12-də öz işinə başlayacaq və iki gün davam edəcək iclasda “Enerji bazarı ilə bağlı enerji təhlükəsizliyi və Şərqi Avropa Tərəfdaşı dövlətləri ilə Avropa İttifaqı dövlətləri arasında uyğunlaşdırma” adlı məruzə dinləniləcəkdir. Məruzə ətrafında, eləcə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki yeri və rolu ilə bağlı müzakirələr aparılacaqdır.
F.Muradov demişdir ki, məruzəni Avropa Parlamentinin Niderlanddan olan deputatı, Avropa Vahid Sosialistlər qrupunun üzvü Gerben-Jan Gerbrand və Gürcüstan Parlamentinin üzvü David Onoprişvili hazırlamışlar.
Komitənin iclasında bir sıra dövlət və hökumət rəsmilərinin iştirakı və çıxışı nəzərdə tutulmuşdur.