Bu ilin yazında daim hörmət və ehtiramla xatırlanan Azərbaycanın böyük sənətkarı, Xalq Artisti Həsənağa Turabovun anadan olmasının 75 ili tamam olacaqdır.
Bu münasibətlə Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcəkdir.
Fonddan bildirmişlər ki, tədbirdə mərhum sənətkarın özünəməxsus yaradıcılıq yolundan söz açılacaq və çəkildiyi filmlərdən epizodlar nümayiş olunacaqdır.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilmişdir. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirmişdir.
Həsənağa Turabov Azərbaycanın səhnə əsərində 50-dən artıq rol oynamışdır. Mərhum sənətkarın yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır.
Həsənağa Turabov 15 il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etmiş, ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olmuşdur.
Görkəmli sənətkar 2003-cü il fevralın 23-də uzun sürən ürək çatışmazlığı xəstəliyindən sonra 64 yaşında dünyasını dəyişmişdir.
Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş məşhur aktyor öz məktəbini yaratmışdır.