“Qarabağ”ın baxışa çağırdığı ispaniyalı hücumçu Manuel Bleda azerisport.az saytına müsahibəsində komandada qalmaq şanslarından danışıb, eləcə də digər sualları cavablandırıb.
- Artıq bir neçə gündür “Qarabağ”ın düşərgəsindəsiz. Təəssüratlarınız?
- Komandada çox gözəl atmosfer var. “Qarabağ”ın sərgilədiyi oyun da çox xoşuma gəlir. Hər şeydən razıyam.
- Çıxdığınız üç yoxlama matçında iki qol vurdunuz. Öz çıxışınızı necə qiymətləndirə bilərsiz?
- Məşq edirəm, oynayıram. Çalışıram ki, özümü yaxşı tərəfdən göstərim. Mənim oyunumu məşqçilər korpusu daha yaxşı dəyərləndirə bilər.
- Bu, sizin üçün maksimum həddir, ya bundan da yaxşı çıxış edə bilərsiz?
- İndikindən daha yaxşı oynaya bilərəm. Əgər komandada qalsam, bunu isbatlamaq imkanım olacaq.
- Azərbaycanlılara oxşadığınızdan xəbəriniz var?
- Düşünmürəm (gülür). Amma siz ispanlara oxşayırsız.
- İspaniyada hansı komandaya azarkeşlik edirsiz?
- Mən Sevilyadanam və “Betis”ə azarkeşlik edirəm.
- “Betis”də vaxtilə Vəli Qasımov oynayıb. Onu tanıyırsız?
- Təəssüf ki, yox. O, bu komandada çıxış edəndə mən çox balaca idim.
- Artıq “Qarabağ”ın futbolçularını az-çox tanıyırsız. İspaniya Primerosu səviyyəsində futbolçu var?
- Mənə elə gəlir ki, hə, belə uşaqlar var. Səviyyələri buna imkan verir.
- Kapitan Rəşad Sadıqov vaxtilə “Valladolid”də baxışda olmuşdu...
- O, yaxşı müdafiəçidir. “Valladolid” də “Qarabağ” kimi ötürmələrlə oynamağı sevən komandadır. O, İspaniyada oynaya bilər.
- Azərbaycan İspaniyada daha çox Madrid “Atletico”sunun formalarındakı reklamla tanındı...
- Bəli, bunun çox böyük təsiri oldu. Mən baxışa gələndə artıq məndən heç kim Azərbaycan haqda soruşmurdu.
- Azərbaycanın digər klubu – “Xəzər Lənkəran” da iki ispaniyalı futbolçu ilə güclənib: Alvaro Silva, Antonio Doblas...
- Bilirəm. Alvaro ilə Antalyaya bir yerdə gəldik. İspanlar Avropanın müxtəlif çempionatlarında çıxış edirlər. Azərbaycan da bu siyahıda istisna deyil.
- Kimi İspaniyanın ən yaxşı futbolçusu hesab edirsiz?
- Müzakirəsiz, Andres İnyesta! Hücumçular arasında isə Raul. O, mənim idealımdır.