NTV-nin məlumatına görə, Leonardo da Vinçi adına aeroportda Rumıniyaya məxsus ATR-72 təyyarəsi güclü külək səbəbindən uçuş zolağından kənara düşüb, altı sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb.
Pilotlar ekstremal şəraitdə təyyarəni endirmək üçün butun məharətlərindən istifadə ediblər. Güclü külək təyyarənin enməsinə maneə yaradıb və o, uçuş zolağından kənara düşüb, şassisi sınıb və təyyarə əyilib.
RİA-Novosti bildirir ki, xəstəxanaya yerləşdirilmiş 6 yaralıdan ikisinin vəziyyəti ağırdır. Bundan başqa, onlardan birinin daşınması üçün vertolyot lazım olub.
---------
09:17
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində ən azı 2 nəfər xəsarət alıb, o cümlədən rumıniyalı təyyarə bələdçisinin onurğa sümüyü ciddi zədələnib. İtaliyanın ANSA agentliyi isə qəza nəticəsində 16 nəfərin yaralandığını bildirir.
Təyyarənin göyərtəsində 50 sərnişin olub. “Karpateyr” aviaşirkəti İtaliyanın “Alitaliya” aviaşirkəti ilə bağlanmış kontrakta əsasən Piza şəhərindən reys həyata keçirirmiş.
İlkin versiyaya görə, qəzaya səbəb kəskin hava şəraiti – güclü yağış və külək olub. Pilotun səhvi versiyası da araşdırılır.