Azərbaycan bölgələrində yaşayan və xüsusi qayğıya ehtiyacı olan şagirdlər distant təhsil almağa başlayır.
Bu işlər Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron Təlimləndirən Sistemlər" layihəsi çərçivəsində görülür.
Layihənin icraçısı "Nobel-T" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Salam Əliyev cümə günü Trend-ə bildirib ki, layihənin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud olan uşaqları distant təhsilə cəlb etməklə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və təhsil almaq imkanlarını yaxşılaşdırmaq, kompüter və elektron resurslardan istifadə bacarıqlarını artırmaq və internetə çıxış imkanları yaratmaqdır.
Əliyevin sözlərinə görə, layihəyə Qazax, Ağstafa və Tovuz rayonunda 24 şagird cəlb edilib. Həmin şagirdlər evdə oturmaqla siniflərdə keçirilən dərslərdə birbaşa iştirak edə biləcəklər. Bunun üçün Qazax rayonundan 15 şagird və 2 müəllimə, Ağstafa rayonunda 5 şagird və 1 müəllimə, Tovuz rayonunda isə 4 şagirdə ən yeni texnologiya və proqram təminatları ilə təhciz olunmuş "Apple Inc" şirkətinin istehsalı olan "MacBook" noutbukları təqdim edilib. Həmin şagirdlərin evinə internet xətti çəkilib.
Şagirdlərin dərs prosesinin idarə edilməsi məqsədilə məktəblərdə seçilmiş sinif otaqları yüksək sürətli fiber-optik internet və intranet bağlantıları ilə təchiz olunub.
İndiyədək bu layihəyə Bakı üzrə 36 şagird cəlb edilmişdi. Yaxın gələcəkdə bu layihə respublikanın digər şəhər və rayonlarını da əhatə edəcək.