Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı gənclərlə görüş keçirib. 2 mindən artıq tələbə kontingentinin iştirak etdiyi görüşdə onların problem və təklifləri dinlənilib.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan toplantıya 3 universitet, 1 institut, 10-a yaxın peşə məktəbi, eləcə də liseyin tələbə və müəllim heyəti qatılıb. Görüşdə müxtəlif qurumların və hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər.
Toplantıda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev respublikanın hər yerində olduğu kimi, Gəncə şəhərində də “Dövlət gənclər siyasəti” proqramının uğurla həyata keçirildiyindən danışıb. Qeyd olunub ki, tələbə-gənclərin ölkənin ictimai-siyasi həyatda rolunun artırılması dövlətin daim diqqət mərkəzindədir.
İcra başçısı son illər ərzində aparılan islahatlar nəticəsində ali və orta ixtisas məktəblərində təhsilin məzmun və keyfiyyətinin təmamilə dəyişdiyini, həmçinin Gəncədə bütün imtahanların test üsulu ilə şəffaf şəkildə aparıldığını da qeyd edib. Görüş daha sonra açıq mikrafon vasitəsilə davam etdirilib. Tələbə və gənclər onları narahat edən müxtəlif yönümlü problemlərlə bağlı icra başçısına müraciət ediblər.
Elmar Vəliyev səsləndirilən tələb və təkliflərin, iradların, eləcə də gənclərin üzləşdikləri problemlərin aradan qaldırılması və araşdırılması üçün aidiyyatı orqanlara tapşırıqlarını verib:
“Düşünürəm, görüşümüz çox səmərəli oldu. Tələbələrin qaldırdıqları məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapdı. Müasir gənclər nə düşünür, şəhərdə aparılan prosesləri, ictimai, siyasi vəziyyəti, ümumiyyətlə, onları düşündürən məsələlər və bu istiqamətdə çox dəyərli bir görüş oldu. Onların müasir fikiri, ölkəmizin inkşafına verdikləri qiymət və təbii ki, əlavə necə görmək istəyirlər”.
Bundan başqa tədbirdə ali və orta ixtisas təhsil müəssisələrində tədrisin keyfiyyəti, dərsliklər, təcrübələrin aparılması, kitabxanaların fəaliyyəti kimi məsələlər də gündəmə gətirilib. Burada anonim sorğu da təşkil olunub ki, tələbələr arzu və istəklərini yazaraq qutulara sala bilsin. Qeyd edək ki, icra strukturu ilə tələbə gənclərin arasında keçirilən görüş sayca 2-cidir.