Gəncədə Azərbaycanda rəqabət qanunvericiliyi layihəsinin ictimai müzakirəsi keçirilmişdir.
tədbirdə Milli Məclisin deputatları, dövlət, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar iştirak etmişlər.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri Əli Hüseynli açaraq “Azərbaycan Respublikasında qanunvericilik islahatları” mövzusunda çıxış etmiş, rəqabət qanunvericiliyinin əhəmiyyətindən danışmışdır. Sonra “Antiinhisar qanunvericiliyinin cari vəziyyəti və perspektivləri” və “Rəqabət qanunvericiliyinin iqtisadi sistemdə yeri və rolu” mövzularında məruzələr dinlənilmişdir.
Bildirilmişdir ki, yeni hazırlanan Rəqabət Məcəlləsi artıq bir neçə dəfə Milli Məclisin komitələrində deputatların və mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunmuşdur. Məcəllənin geniş ictimai müzakirəsini təşkil etməkdə əsas məqsəd bazar iqtisadiyyatı, ölkəmizdə azad, rəqabətə davamlı sahibkarlıq mühitinin yaradılması üçün mükəmməl, bütün tələblərə cavab verən qanun hazırlamaqdır. Bazar iqtisadiyyatı ilə bağlı bir neçə qanun mövcud olsa da, Rəqabət Məcəlləsi bu məsələləri daha liberal, daha dəqiq formada tənzimləyəcəkdir. Məcəllə həm də Avropa standartlarına uyğunlaşdırılır.
Sonra iştirakçıların Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi ilə bağlı rəy, arzu və təklifləri dinlənilmişdir.
Bildirilmişdir ki, səslənən təkliflər Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupu tərəfindən bir daha nəzərdə keçiriləcək və məqbul sayılanlar nəzərə alınacaqdır.