Xəbərlər

Azərbaycanda mədəniyyət və turizmin ahəngdar inkişaf illəri Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasından 7 il ötür
30 yanvar, 2013 23:35

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli Fərmanına əsasən, mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması, idarəetmənin səmərəliliyinin daha da artırılmasının zəruriliyi nəzərə alınaraq yeni mərkəzi icra orqanı - Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir.
Yeni nazirliyin fəaliyyətə başlaması Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin inkişaf etdirilməsi və təbliğinə, ölkəmizin turizm imkanlarının dünyada daha geniş tanıdılmasına, turizm sahəsinin sürətli inkişafına əlavə zəmin yaratmışdır. 
Qurumun fəaliyyətə başlamasından ötən 7 ildə əldə olunan nailiyyətlər Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının və öz işini daha müasir tələblərə uyğun qurmasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətçilik siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bir daha əyani surətdə sübut etmişdir. 
Ötən müddətdə ölkə həyatının bütün sahələri yüksək inkişaf yolu keçmişdir. Belə bir şəraitdə mədəniyyət və turizm sahəsinin yenidən təşkilatlanmasına və dünya standartlarına uyğun, beynəlxalq təcrübələrə əsaslanaraq idarə olunmasına ehtiyac yaranmışdı. Son illər bu sahədə əldə olunan uğurlar aparılan islahatın nə qədər mütərəqqi olduğuna bariz sübutdur. Respublikamızın sosial-iqtisadi tərəqqisi, regional və beynəlxalq nüfuzunun artması həyata keçirilən genişmiqyaslı mədəniyyət layihələrində, incəsənət tədbirlərində, turizm proqramlarında da özünü göstərmişdir. 
Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizmlə bağlı fərman və sərəncamlarını, müvafiq dövlət proqramlarını əldə rəhbər tutan Mədəniyyət və Turizm Nazirliyi hər iki sahənin ahəngdar inkişafını təmin etmək məqsədi ilə incəsənət, mədəni irs, kinematoqrafiya, nəşriyyat işi, elm və təhsil, turizm, beynəlxalq əlaqələr, eləcə də mədəniyyət və turizm obyektlərinin tikintisi, yenidən qurulması sahəsində mühüm tədbirlər həyata keçirməkdədir. İndiyədək görülən işlər, əldə olunan nəticələr bu sahələrdə perspektiv layihələrə, gələcək inkişafa daha nikbin baxmağa əsas verir. 
Yaradılmasından keçən 7 il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət və incəsənət sahəsində 1000-dən çox beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmiş, ölkəmiz beynəlxalq festival və müsabiqələrə böyük uğurla ev sahibliyi etmişdir. Onların sırasında Beynəlxalq Rostropoviç festivalı (2007-2012), I və II Beynəlxalq muğam festival və müsabiqələri (2009, 2011), Bakı Beynəlxalq caz festivalı (2009-2012), Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq musiqi festivalı (2009-2012), Vokalçıların Bülbül adına Beynəlxalq müsabiqəsi (2007, 2010, 2012), Qəbələ Beynəlxalq musiqi festivalı (2009-2012), Bakı Beynəlxalq teatr konfransı (2010, 2012), Qara Qarayev adına IV Beynəlxalq müasir musiqi festivalı (2011), I Bakı Beynəlxalq kukla teatrları festivalı (2011), I Beynəlxalq kukla biennalesi (2011), Bakı Beynəlxalq kitab sərgi-yarmarkası (2009, 2011) kimi tədbirləri xüsusi qeyd etmək lazımdır. 
Bu layihələrin böyük əksəriyyəti mədəniyyətimizin böyük hamisi, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilmişdir. Heydər Əliyev Fondunun dəstək verdiyi, təşəbbüsçüsü və təşkilatçısı olduğu layihələr milli incəsənətimizin dünyada, dünya incəsənəti nümunələrinin isə Azərbaycanda təbliğinə, bu sahədə ayrı-ayrı ölkələrlə müştərək tədbirlərin təşkilinə böyük töhfədir. 
Fəaliyyəti dövründə nazirlik tərəfindən müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri incəsənətimizin, tarixi-mədəni irsimizin, ölkəmizin nailiyyətlərinin dünyada tanıdılmasına, eləcə də qarşılıqlı mədəni təmasların genişlənməsinə, əməkdaşlığa yeni təkan verir. 
Nazirliyin yarandığı vaxtdan ötən müddətdə Almaniya, Misir, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Rusiya, Qətər, Mərakeş, Küveyt, Çin, İordaniya, Gürcüstan, Kuba, Meksika, İran və s. ölkələrdə Azərbaycan Mədəniyyəti Günləri keçirilmişdir. 2012-ci ildə Ukrayna, Qazaxıstan və Türkiyə, Belarus və Moldovada gerçəkləşən mədəniyyət günlərində Azərbaycanın musiqisi, teatr və balet tamaşaları, kino nümunələri, habelə foto və turizm sərgiləri vasitəsilə ölkəmizin ənənə və müasirlik qovşağında bugünkü inkişafı təqdim edilmişdir.
2012-ci ilin aprelində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ölkəmizin Romadakı səfirliyinin köməyi ilə ilk dəfə İtaliyada keçirilən Azərbaycan Mədəniyyəti Günləri xüsusilə əlamətdar olmuşdur. Tədbir çərçivəsində Romanın "Villa Borghese" parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi açılmışdır.
Bununla yanaşı, ötən dövrdə Azərbaycanda "Rusiya ili" (2006), "Alman mədəniyyət ili" (2009), həmçinin Türkmənistan, Gürcüstan, Qətər, Tacikistan, Mərakeş, İordaniya, Küveyt, Qazaxıstan, Çin və s. ölkələrin mədəniyyət günləri gerçəkləşmişdir.
Nazirliyin yaradılmasından ötən dövr teatr sənəti üçün də mühüm hadisələrlə yadda qalmışdır. Son 7 ildə dövlət teatrlarında 600-dək yeni tamaşa hazırlanmış, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı təsdiq edilmiş, 2009-cu ildə Gəncədə, 2011-ci ildə Lənkəranda "Yeni Teatr" respublika festivalları gerçəkləşmişdir. 
Teatrlarımız hər il beynəlxalq festivallarda uğurla çıxış edir, müxtəlif ölkələrə qastrol səfərlərinə çıxır. 2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Belqrad, Kişineu və Tbilisidə, Dövlət Gənc Tamaşaçılar Teatrı Birləşmiş Ərəb Əmirlikləri, İran, Belarusda, Sumqayıt Dövlət Musiqili Dram Teatrı Türkmənistanda, Şəki Dövlət Dram Teatrı Türkiyənin Konya şəhərində, Naxçıvan Dövlət Kukla Teatrı Düşənbədə, Yuğ Dövlət Teatrı Finlandiyada, Gəncə Dövlət Dram Teatrı Türkiyənin Girəsun, Başqırdıstanın Ufa şəhərlərində, Azərbaycan Dövlət Kukla Teatrı Həştərxanda keçirilən beynəlxalq festivallarda uğurla iştirak etmişlər. 
Ötən ilin iyun ayında milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə keçirilmiş “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” milli teatr festivalı müasir mədəniyyət tariximizə son illərin ən yaddaqalan incəsənət hadisələrindən biri kimi daxil olmuşdur. Nazirliyin repertuar planına əsasən, 2012-ci ildə respublika teatrlarında Axundzadənin komediyaları əsasında 18 tamaşa hazırlanmışdır. 
Azərbaycan təsviri sənətinin inkişafı, təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində xeyli işlər görülmüşdür. Ötən 7 ildə bu sahədə 300-dək respublika və beynəlxalq əhəmiyyətli tədbir keçirilmişdir. 
Son 7 ildə muzey işi, qeyri-maddi mədəni irs, o cümlədən aşıq sənəti, xalq yaradıcılığı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Nazirliyin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində folklor, sənətkarlıq, əfsanələr paytaxtları elan edilmiş, müvafiq tədbirlər planı icra olunmuşdur. 
2006-cı ildən başlayaraq hər il ənənəvi olaraq keçirilən Prezident Kuboku uğrunda çövkən milli oyunları qədim xalq ənənələrinin, zəngin qeyri-maddi mədəni irsimizin qorunması və təbliğinə xidmət edir. 
Bir faktı da xüsusi qeyd etmək lazımdır ki, 2010-cu ilin oktyabrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq aşıq festivalı qədim el sənətimizin təbliğinə böyük töhfə olmuşdur. 
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq muzey işinin müasir tələblər səviyyəsində qurulması, yeni muzey binalarının tikintisi və əsaslı təmir-bərpası, muzeylərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, fondların komplektləşdirilməsi daim diqqət mərkəzindədir. Mədəniyyət və Turizm Nazirliyi sistemində muzeylərin sayı 212-yə çatdırılmışdır. 
Bəhs olunan dövrdə Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı ardıcıl tədbirlər görülmüşdür. Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə təsdiq edilmiş Dövlət Siyahısına 6308 dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz abidə daxil edilmişdir. 
Dövlətimizin başçısının son illərdə Azərbaycanın tarixi və mədəni irsinin qorunub saxlanması, istifadəsi və gələcək nəsillərə çatdırılması sahəsində qəbul etdiyi mühüm qərarlar Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları tərəfindən ardıcıl yerinə yetirilir. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə son illərdə 4 yeni tarix-mədəniyyət qoruğu - Bakı şəhərinin Suraxanı qəsəbəsində “Atəşgah məbədi”, Abşeron rayonunda “Yanar dağ”, Ağstafa rayonunda “Keşikçidağ” və Quba rayonunda “Xınalıq” qoruqları yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir. 
Qobustan Milli Tarix-Bədii Qoruğunun 2007-ci il iyunun 29-da UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi Azərbaycanın mədəni həyatında mühüm hadisə olmuşdur. 2012-ci ilin martında Qobustan qoruğunun yeni inzibati binası və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyasının rəsmi açılış mərasimi olmuşdur. ABŞ Dövlət Departamenti Qobustan Qoruğunu “Museum connect-2012” layihəsinə tərəfdaş seçmişdir.
Tarix və mədəniyyət abidələrinin bərpası işləri də daim diqqət mərkəzindədir. Ötən müddətdə 50-dək abidədə bərpa işləri, 40-dan çox abidənin bərpa və konservasiya layihələri başa çatdırılmışdır. Hazırda “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda müasir standartlara uyğun təmir-bərpa işləri aparılır. 
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu sahədə müxtəlif layihələr həyata keçirilir, gənc kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə xüsusi diqqət yetirilir. Ənənəvi olaraq keçirilən “Bu meydan, bu ekran” kino layihəsi kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaradır. 
Dövlət Proqramı çərçivəsində tikilərək istifadəyə verilən Azərbaycan Dövlət Film Fondunun yeni binası ən müasir dünya standartlarına cavab verir. Əsaslı təmir-bərpadan sonra 2012-ci ildə qapılarını kinosevərlərin üzünə açan Nizami Kino Mərkəzi bu gün müxtəlif tədbirlərin, festivalların gerçəkləşdiyi məkandır. 
Ümumilikdə, nazirliyin yarandığı 2006-cı ildən 2012-ci ilədək dövlət sifarişi ilə 80-dən çox sənədli, 30-dan çox tammetrajlı film çəkilmişdir. Bu illər ərzində ekran əsərlərimiz 40-dan çox ölkədə 100-dən artıq festivalda uğurla iştirak etmişdir. 
Son yeddi ildə nazirlik tərəfindən 300-dən çox adda kitab nəşr edilərək ölkə kitabxanalarına paylanmışdır. Nazirliyin 2012-ci il planına uyğun olaraq 70 adda kitab nəşr olunmuşdur. Bu sırada ötən il yubileyləri dövlət səviyyəsində qeyd edilən ədiblərimizə, o cümlədən M.Ə.Sabir və M.F.Axundzadəyə həsr olunan nəşrlər xüsusi yer tutur. Ötən il mədəniyyət tariximizə bir sıra görkəmli şair, yazıçı və mütəfəkkirlərimizin yubiley ili kimi düşmüşdür. 
2006-cı ildən başlayaraq Azərbaycan kitabı beynəlxalq kitab sərgi-yarmarkalarında iştirak etmiş və müxtəlif beynəlxalq müsabiqələrin qalibi olmuşdur. 2009-cu və 2011-ci illərdə Bakıda keçirilən I və II Beynəlxalq kitab sərgi-yarmarkaları Azərbaycan kitab mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsində nailiyyətlərimizin təbliği və tanıdılması baxımdan mühüm hadisələr olmuşdur. 2009-cu ildə nazirlik tərəfindən təsis edilən “Qızıl Kəlmə” ədəbi mükafatı ədəbi ictimaiyyətdə böyük maraqla qarşılanmışdır. İki ildən bir keçirilən müsabiqənin üçüncüsü bu il gerçəkləşəcəkdir. 
Ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyinin ən geniş sahələrindən olan kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq qalmışdır. 
Bu gün Mədəniyyət və Turizm Nazirliyi sistemində 243 təhsil müəssisəsi fəaliyyət göstərir. Ötən müddətdə elm və təhsil sahəsində də çoxsaylı tədbirlər, layihələr həyata keçirilmiş, musiqi, incəsənət, rəssamlıq məktəblərinin yenidən qurulması, maddi-texniki təchizatı diqqət mərkəzində olmuşdur. 
Nazirliyin dəstəyi ilə beynəlxalq müsabiqələrə qatılan yeniyetmə istedadların uğurları bir-birini əvəz edir. Ötən yeddi ildə Bakı Xoreoqrafiya Məktəbinin, uşaq musiqi və incəsənət məktəblərinin 40-dək şagirdi Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılmışdır. Hazırda nazirliyin dəstəyi ilə bir neçə Prezident təqaüdçüsü İtaliya, Rusiya, İsveçrədə təhsillərini davam etdirir.
Son 7 ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turizmin müxtəlif növlərinin inkişafı, müasir turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2011-ci ilin “Turizm ili” elan edilməsi bu sahəyə dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, turizmin inkişafında yeni mərhələ açmışdır. Ümumilikdə 2006-cı ildən ötən müddətdə ölkəmizə gələn əcnəbilərin sayı 60 faizədək artmışdır.
Ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Nazirlik hər il 20-dək beynəlxalq turizm sərgisində iştirak edir. 2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında (CNN, Euronews, National Geographic, Travel Channel, BBC və s.) respublikanın turizm imkanlarını əks etdirən reklam çarxları yayımlanır. Turistlər üçün geniş informasiya bazasına və xidmətlərə malik olan GoMap.az naviqatoru istifadəyə verilmişdir.
Daxili turizmin inkişafı ilə bağlı yeni marşrutlar tərtib edilir. Hazırda respublikada müvafiq lisenziya ilə 218 turizm şirkəti, 253 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. 
Nazirliyin yaradılmasından ötən müddətdə Azərbaycan ilə xarici ölkələr arasında mədəniyyət və turizm sahələrində 100-dən çox ikitərəfli əməkdaşlıq sazişi və ya digər sənədlər imzalanmışdır.
2009-cu ildə Bakı şəhəri “İslam Mədəniyyətinin Paytaxtı” elan olunmuş, il ərzində 100-dən çox milli və beynəlxalq tədbir təşkil edilmişdir. 2009-cu ildə Azərbaycan aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azərbaycan xalça sənəti, 2012-ci ilin dekabrında isə tar ifaçılıq sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin bu il dekabrın 2-dən 8-dək Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur. 
Ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyi üzrə tikinti, təmir-bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş obyektlərin siyahısı bu sahədə görülən işlərin bariz nümunəsidir. 2012-ci ilin dekabrında Şahdağ Qış-Yay Turizm Kompleksinin 1.1 mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılmış və Prezident İlham Əliyevin iştirakı ilə rəsmi açılışı keçirilmişdir. Kompleksin 1.2 mərhələsi üzrə tikinti davam edir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasında təmir və bərpa işləri başa çatmaq üzrədir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.