“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (İB) 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Respublika Gözdən Əlillər Kitabxanasında oxucularla görüş keçirəcəkdir.
İB-dən bildirmişlər ki, qurum 2012-ci ilin may ayından başlayaraq bu kitabxana ilə əməkdaşlıq çərçivəsində “Xeyirxah oxucu” layihəsini həyata keçirir. Layihə çərçivəsində “Miras” İctimai Birliyinin üzvləri könüllü surətdə görmə qabiliyyəti məhdud olan insanlar üçün kitabların səsləndirilməsində iştirak edir. Bundan əlavə, layihədə iştirak edənlərə audiokitabların hazırlanması, montaj və s. proseslər öyrədilir.
Kitabxana direktorunun müavini Tofiq Balayevin verdiyi məlumata görə, hazırda Azərbaycanda 20.000-dən artıq görmə qabiliyyəti məhdud olan insan vardır. Onlar ən müxtəlif mövzularda olan kitablar üçün kitabxanaya müraciət edirlər. Lakin Respublika Gözdən Əlillər Kitabxanasında audiokitabların sayı tələbatdan çox azdır. Bu səbəbdən yeni audiokitabların hazırlanmasına ehtiyac vardır.
Artıq “Xeyirxah oxucu” layihəsi çərçivəsində “Miras” İB-nin üzvlərinin səyi ilə bir neçə kitab səsləndirilmişdir.
Yanvarın 30-da keçiriləcək görüşdə “Miras” İB-nin üzvləri oxucuların ehtiyacları ilə və layihə çərçivəsində görülən işlərlə tanış olacaqlar. Layihəyə yeni üzvlərin də cəlb olunması nəzərdə tutulur.