Qazaxıstanın Uralsk şəhərində keçirilən sambo üzrə Dünya Kuboku yarışlarında Azərbaycanın səkkiz idmançısı da iştirak edir
28 yanvar, 2013 00:19
Yanvarın 27-də Qazaxıstanın Uralsk şəhərində sambo üzrə Dünya Kubokunun yarışları başlanmışdır.
On beş ölkənin təmsilçinin iştirak etdiyi yarışlarda baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi ilə Azərbaycanın səkkiz idmançısı da iştirak edir.
Yarışlarda Azərbaycanın şərəfini samboçular Ağasif Səmədov (52 kq), Kənan Bünyadov (57 kq), Xanoğlan Zülfüqarov (57 kq), Pərviz Nəzərov (62 kq), Kənan Qasımov (82 kq), Azad Zahidov (90 kq), Elşən Cəfərli və Ayaz Umudəliyev (+100 kq) qoruyacaqlar.
Dünya Kubokunun yarışlarını idarə edən hakimlər arasında Azərbaycandan gəlmiş beynəlxalq dərəcəli hakim Cabir İsmayılov da vardır.