Bu il Azərbaycanda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirin apreldə və ya may ayının sonunda gerçəkləşəcəyi gözlənilir.
Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Əhməd Seyyid Arslan mətbuat nümayəndələri ilə görüşündə məlumat vermişdir.
Müşavir Türkiyədə turizmin müxtəlif növlərinin inkişafına böyük önəmin verildiyini demişdir. Bildirmişdir ki, Türkiyə turizmin qardaş Azərbaycanda da inkişaf etdirilməsinə töhfə verir. Azərbaycan Turizm İnstitutu və Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilən proqram çərçivəsində türkiyəli mütəxəssislər otel xidməti ilə bağlı təcrübələrini bölüşmüşlər. Ötən il Türkiyə Bakıda keçirilən ənənəvi Beynəlxalq turizm və səyahətlər sərgisinə tərəfdaş ölkə olaraq qatılmışdır. Bu il Türkiyə turizminin Azərbaycanda tanıtım kampaniyasına martın 15-də başlanılacaqdır.