"Son dəqiqə": Holland ulduzun inadını qırdılar
20 yanvar, 2013 21:52
İtaliyanın La Gazetta dello Sport qəzeti Uesli Sneyderin «Qalatasaray»ın təklifini qəbul etdiyini yazıb.
Bu xəbəri «Son dəqiqə» şərhi ilə yayan qəzet daha sonra bildirib ki, rəsmi imza mərasimi qarşıdakı bir neçə saat ərzində düzənlənəcək.
---------
18:45
La Gazetta dello Sport Uesli Sneyderin: «Massimo Moratti ilə görüşdüm. O haqlıdır. Ancaq «İnter» və azarkeşlərimizi çox sevirəm. «Qalatasaray» barədə hələlik bir söz deyə bilmərəm», - dediyini yazıb.
Bundan bir qədər sonra isə İtaliyanın başqa bir tanınmış qəzeti Corriere dello Sport hollandiyalı ulduzun İngiltərənin «Liverpul» klubuyla da danışıqlar apardığını, ancaq Morattiyə: «Artıq qərarımı verdim, «Qalatasaray»ın təklifinə «hə» deyəcəm», - dediyini gündəmə oturdub.
Bu arada futbolçunun xanımı İolanta Kabau Sneyderin «Qalatasaray»a daha yaxın olduğunu hiss etdirib.
Xatırladaq ki, bir müddət əvvəl «Aslanlar»ın bəzi fanatları Sneyderə arvadını Türkiyəyə gətirməməyi məsləhət bilmişdilər. Buna isə Kabaunun bir filmdə pozğun müsəlman qız obrazı yaratması səbəb olmuşdu.
---------
16:00
«İnter»in prezidenti Massimo Moratti media vasitəsilə klubda qalmaq istədiyini deyən Uesli Sneyderə cavab verib: «Artıq çox gecdir!»
La Gazetta dello Sport yazır ki, Moratti deyib: «Sneyderin klubda qalmaq tələbini yerinə yetirmək mümkün deyil. Artıq çox gecdir». 18 ildir klub prezidenti olan Moratti əvvəllər də Sneyderin transferi ilə əlaqədar «çox sıxıldığını» dilə gətirmişdi.
Eyni zamanda «Qalatasaray» rəhbərliyi bu transferi artıq bitirmək arzusundadır. Bu səbəbdən klubun nümayəndəsi Sinan Kalpakçıoğlu Milana göndərilib. Bir başqa məlumata görə isə, italyan qəzetləri «sarı-qırmızılılar»ın Sneyderə ultimatum göndərərək: «Çərşənbə axşamınadək qərarını ver», - dediklərini yazıblar.
DHA-nın məlumatına görə isə Sneyderin adına artıq iki milyon «Qalatasaray» forması hazırlanıb. Bunu «Qalatasaray» Azarkeş Dərnəkləri Federasiyasının prezidenti Mesut Fidan bildirib.
Sneyder Atatürk hava limanına ayaq basan kimi bu formaların satışa çıxarılacağı deyilir.