Azərbaycanın Rusiyadakı səfirliyində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edilmişdir
20 yanvar, 2013 20:03
Azərbaycanın Rusiyadakı səfirliyində Qanlı Yanvar faciəsinin 23-cü ildönümünə həsr edilmiş mərasim keçirilmişdir.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barelyefinin və 20 Yanvar qırğınının günahsız qurbanlarının siyahısı yazılmış stendin önünə tər çiçəklər düzmüşlər. 20 Yanvar faciəsini əks etdirən fotostendlə tanış olmuşlar.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu çıxış edərək 23 il əvvəl baş vermiş hadisələri xatırladaraq vurğulamışdır ki, bu faciəli tarix xalqın yaddaşında daim qalmalı və gələcək nəsillər üçün mərdlik dərsi olmalıdır. Azərbaycan rəhbərliyi hər il dövlət səviyyəsində qeyd edilən bu hadisəyə böyük əhəmiyyət verir. Səfir sovet qoşunlarının Azərbaycan xalqına qarşı törətdiyi özbaşınalıqlardan və informasiya blokadasının qırılması ilə əlaqədar çətinliklərdən söhbət açaraq bildirmişdir ki, bu faciə Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur.
Polad Bülbüloğlu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli hərəkəti, onun bu faciəyə siyasi qiymət verməsi və o hadisənin dərk edilməsindəki əvəzedilməz rolu barədə ətraflı məlumat vermişdir. Səfir demişdir: “Görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bütün dünyaya elan etdi ki, bu hadisə Azərbaycan xalqına qarşı yönəlmiş repressiyadır. Heydər Əliyev o dövrdə bu fakta siyasi qiymət vermiş ilk və yeganə siyasi xadim olmuşdur”. Diplomat xüsusi qeyd etmişdir ki, sovet hakimiyyəti Azərbaycanın timsalında keçmiş ittifaqın bütün xalqlarına ibrət dərsi vermək istəyirdi. Lakin Azərbaycan xalqı öz müstəqillik yolundan dönmədi.
Polad Bülbüloğlu bir sıra xarici dövlətlərin səfirlərinə və diplomatik missiyaların nümayəndələrinə bu tədbirdə iştirak etmələrinə və Azərbaycan xalqının haqq səsinin dünyaya yayılması işində dəstəyə görə təşəkkür etmişdir.
Sonra Qanlı Yanvar faciəsi haqqında sənədli film nümayiş etdirilmişdir.
Matəm mərasimində Moskvada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və təmsilçiləri, habelə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, Ümumrusiya Azərbaycan Konqresinin, Rusiya Azərbaycanlı Gənclər Birliyinin və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim Rusiyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələri, o cümlədən “Rossiya 24” və “Mir” telekanalları tərəfindən işıqlandırılmışdır.
Sonda Azərbaycanın Rusiyadakı səfirliyi adından ehsan verilmişdir.