Azərbaycan Diplomatik Akademiyası ilə Türkiyə universitetləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmusdur
19 yanvar, 2013 00:59
Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çətinsayanın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 18-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) olmuşdur.
Akademiyadan bildirmişlər ki, nümayəndə heyəti ADA-nın yeni təhsil kompleksi ilə tanış olmuş, ən son texnoloji standartlara uyğun qurulan sinif otaqlarını gəzmişlər.
Türkiyəli qonaqlar, həmçinin bu ali təhsil müəssisəsində 20 Yanvar faciəsi qurbanlarının anım mərasimində də iştirak etmişlər.
Sonra nümayəndə heyətinin üzvləri ilə Akademiyanın professor-müəllim heyəti arasında görüş keçirilmişdir.
Görüşdə ADA ilə Türkiyə universitetləri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparmışdılar.
ADA-nın prorektoru Fariz İsmayılzadə qonaqlara məlumat vermişdir ki, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Akademiyada tanınmış yerli və xarici mütəxəssislər tərəfindən yüksək səviyyəli ingilis dilli təhsil verilir. Cəmi altı illik fəaliyyətinə baxmayaraq, ADA təkmilləşdirmə institutundan bakalavr və magistr pilləsi üzrə təhsil verən böyük ali müəssisəyə çevrilmişdir. Akademiya hər il olduğu kimi, bu il də tədris üçün yeni ixtisaslar əlavə etmişdir. ADA ictimai siyasət və biznesin idarə edilməsi üzrə magistr təhsilinə başlamaq niyyətindədir.