Birinci Yaponiya-Azərbaycan İKT forumu keçiriləcəkdir
19 yanvar, 2013 12:49
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ilə görüşmüşdür.
Nazirlikdən bildirmişlər ki, ölkələrimiz arasında mövcud əlaqələrdən söz açan nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsinə diqqət cəlb edən səfir qərarın sevindirici olduğunu vurğulamışdır. Yaponiyalı diplomat qeyd etmişdir ki, bu addım iki ölkənin münasibətlərində informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni imkanlar açır.
Yaponiya tərəfinin ölkəmizdə Yaponiya-Azərbaycan İKT forumunun təşkilinə xüsusi maraq göstərildiyini qeyd edən Şusuke Vatanabe bu il Azərbaycanın ilk peykinin fəzaya buraxılmasını nəzərə alaraq, forumda məhz bu prioritet sahə üzrə peyk məsələlərinə daha geniş yer ayrılmasını təklif etmişdir. Səfir foruma Yaponiyanın dövlət və qeyri-dövlət sektorunun təmsilçilərinin, 40-a yaxın özəl şirkətinin qatılacağının gözlənildiyini bildirmişdir.
Texnologiyalar sahəsində aparıcı ölkələrdən sayılan Yaponiyanın təcrübəsinin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir Əli Abbasov bildirmişdir ki, bu tipli forumların təşkili Yaponiya-Azərbaycan münasibətlərini daha da yaxınlaşdıracaqdır. O, xüsusən tədbirin yapon texnologiyalarının Azərbaycanda istehsalı və istehlakında önəm daşıyacağını, gələcəkdə bərabər səylər nəticəsində birgə istehsal və xidmətlərin həyata keçirilə biləcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə birinci Yaponiya-Azərbaycan İKT forumunun cari ilin fevralın 27-28-də keçirilməsi qərara alınmışdır.