Ağstafada “Fövqəladə hallarda özünü necə aparmalı və dəm qazı nədir?” mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir
19 yanvar, 2013 12:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbində və Ağstafa Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı və dəm qazı nədir?” mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir.
FHN-dən bildirmişlər ki, tədbirlərin əsas məqsədi əhalini fəlakətlər zamanı düzgün davranış qaydaları barədə maarifləndirməklə onların bu sahədə biliklərini daha da artırmaq, dəm qazı ilə zəhərlənmə zamanı ilkin tibbi yardımın göstərilməsi qaydalarını izah etməkdir.
Tədbirlər zamanı mərkəz əməkdaşları tərəfindən zəlzələ baş verdikdə çoxmərtəbəli yaşayış binalarında otaq şəraitində təhlükəsizliyi təmin etmək məqsədilə düzgün mövqe tutulması, zəlzələ zamanı yaşayış evlərində hansı divarların daha az dayanıqlığa malik olması, zəlzələdən dərhal sonra hansı qaynar xətlə əlaqə saxlanılması və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, “Dəm qazı ilə zəhərlənmənin əlamətləri, dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım”, “Hansı hallarda FHN-in “112” qaynar xətti ilə əlaqə saxlamaq lazımdır?”, “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış bukletlər paylanmış, mərkəzin fəaliyyəti ilə bağlı video və fotoslaydlar göstərilmişdir.